Anasını boğaraq öldürən Şəmkir sakini: “Atamın qəbrinə söydü”
Xırdalanda 43 yaşlı Qurbanova Fatma Oruc qızının oğlu tərəfindən qətlə yetirilməsinin təfərrüatları məlum olub. APA TV-nin məlumatına görə, qətli törətmiş Rusiya vətəndaşı, 22 yaşlı Nağızadə Hümbət Elşən oğlu istintaqa verdiyi ifadədə anasının başqa kişi ilə yaşadığından şübhələndiyini, buna görə onu sorğu-suala tutduğunu deyib.
“Anamdan soruşdum, boynuna aldı. Mən də dedim, bu məsələni qurtaraq, adam kimi yaşayaq”
22 yaşlı Hümbət Nağızadənin sözlərinə görə, anası onunla əvvəlcə sakit danışıb, sonra oğluna acıqlanıb. Fatma Qurbanova oğlunu evdən qovmaq istəyib və mərhum ərini söyüşlə təhqir edib. Təqsirləndirilən şəxs atasının ruhunun təhqir olunan zaman əsəblərinə hakim ola bilməyərək cinayət törətdiyini deyir:
“Öldürmək niyyətim yox idi. Dalaşdıq, sonra barışdıq. Dedim ki, bu işlərinə son qoy. Dedi sən kimsən ki? Mən ərsiz qadınam, öz həyatımı yaşayıram, sən də böyük oğlansan, get öz həyatını yaşa. Başladı atamın qəbrini söyməyə. Bir neçə dəfə dedim, bəsdir, susmadı, mən də əsəbiləşib, bu işi gördüm”.
Xatırladaq ki, sözügedən hadisə Xırdalan qəsəbəsində, Mehdi Hüseynzadə küçəsində yerləşən 12 mərtəbəli yeni tikilinin 11-ci mərtəbəsində baş verib. Cinayətin qurbanı olan 43 yaşlı Qurbanova Fatma Oruc qızı oğlu tərəfindən qısqanclıq zəminində öldürülüb. 22 yaşlı Nağızadə Hümbət Elşən oğlu avqustun əvvəllərində istirahət etmək üçün Bakıya gəlib. Bir müddət qaldıqdan sonra doğulduğu Şəmkir rayonuna gedib. Atasının ölümündən sonra dul qalan anası barədə xoşagəlməz söhbətlər eşidən Hümbət Nağızadə Qafqaz Universitetində oxuyan qardaşını danışdırıb və ondan da eyni sözləri eşidib. Məsələni aydınlaşdırmaq üçün anasının yanına gələn oğlu onu boğaraq öldürüb. Daha sonra polis idarəsinə gedən Hümbət Nağızadə könüllü təslim olub.
Qeyd edək ki, ərinin vəfatından sonra oğulları ilə münasibətləri kəskinləşən Fatma Qurbanova Xırdalanda qızı ilə tək yaşayırmış. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.