Bakıda insan hüquqlarına həsr olunmuş beynəlxalq konfrans keçirilir
Bakıda “İnsan Hüquqları və Əsas Azadlıqları Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda beynəlxalq konfrans başlayıb. APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib ki, İnsan Hüquqları və Əsas Azadlıqları Konvensiyasının ölkədaxili tətbiqi istiqamətində bu konfransın böyük töhfə verəcəyinə ümid edir.
Avropa İnsan Haqları Məhkəməsinin sədri Din Şpilman bildirib ki, müxtəlif vasitələrdən istifadə edən Avropa İnsan Hüquqları Məhkəməsi ölkələrdə həmin struktur xarakterli çatışmazlıqların aradan götürülməsinə dair pilot, sınaq xarakterli tövsiyələr, qərarlar çıxarır.
O deyib ki, məhkəmənin yurisdiksiyasına daxil olan ölkələrdə baş verən son hadisələr onları narahat edir: “İnsan hüquqları standartı Azərbaycanda da təmin olunmalıdır. Mən dialoq konsepsiyasına çox sadiqəm. Amma dialoq o zaman mənalı olur ki, tərəflərin bütün rəy və fikirləri ifadə olunsun. Əlbəttə, hakimlər hökmlər vasitəsilə öz rollarını ifadə edirlər. Lakin insan hüquqlarının ifadə olunması məhz dialoq formatında bütün tərəflərin sərbəst şəkildə fikirlərini bildirilməsi ilə mümkün ola bilər”.
Din Şpilmanın sözlərinə görə, son vaxtlar Avropa Məhkəməsində məhkəmə işlərinin sayı azalıb.
Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bu konfransın Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində keçirilən çoxsaylı tədbirlərdən biri olduğunu vurğulayaraq dövlətimizin Avropa Konvensiyasına və Avropa İnsan Haqları Məhkəməsinin fəaliyyətinə xüsusi önəm verdiyini bir daha sübut etdiyini deyib.
Tədbir iştirakçılarına Azərbaycan prezidenti İlham Əliyevin salamlarını çatdıran Fuad Ələsgərov bildirib ki, Azərbaycan İnsan Hüquqları və Əsas Azadlıqları Konvensiyasının dəyərlərinin geniş yayılmasını dəstəkləyir: “Azərbaycan insan hüquqlarının qorunması istiqamətində səmərəli fəaliyyət göstərir. Azərbaycanda qanunvericilik təkmilləşdirilir, hakimlər üçün təlimlər keçirilir, məhkəmə infrastrukturu təkmilləşdirilir. İnsan hüquq və azadlıqlarının təmin edilməsinə əsas rol məhkəmələrə məxsusdur. Ölkəmizdə müstəqil və səmərəli məhkəmə işlərinin təmin edilməsi üçün məqsədyönlü işlər aparılır. Məhkəmə Hüquq Şurası, Ədliyyə Akademiyası yaradılıb. Azərbaycanda hakimlərin seçilməsinə dair yeni şəffaf prosedurlar ən yaxşı təcrübələrdən biri kimi qəbul edilib”.
Fuad Ələsgərov qeyd edib ki, hazırda hakimlər korpusunun 60 faizini bu şəffaf prosedurla qəbul olunan hakimlər təşkil edir. O, Azərbaycan dövlətinin Avropa Məhkəməsinin qərarlarına hörmətlə yanaşdığını vurğulayıb.