Erməni quldurun Hacıqabulda dağıtmaq istədiyi "Pirhüseyn Xanəgah"ından REPORTAJ

"Pirhüseyn Xanəgahı" orta əsrlərin məşhur sufi alimi, filosof və dövlət xadimi Şeyx Hüseyn ibn Əli Rəvvanın (954-1072-ci il) məzarı üzərində tikilmiş tarix-memarlıq abidəsidir. Pir Hüseyn Rəvvanın (Şirvaninin) məzarı ətrafında formalaşan xanəgah kompleksi Hacıqabul rayonu ərazisində, Pirsaat çayı sahilində, qədim Bakı-Salyan ticarət karvan yolu üzərində yerləşir. Kompleksin ərazisində dövlət qeydiyyatına alınmış 7 abidə var. Kompleksin əsas binası XIII əsrdə tikilmiş Pirhüseyn Rəvvanın məqbərəsidir. Xanəgah kompleksinə türbə, məscid, minarə, ziyarətçilərin qalması üçün binalar, tövlə, tikililəri əhatə edən qala divarları, karvansaray, orta əsrlərə aid türbə, hücrələr və qədim qəbiristanlıq daxildir.  Abidələr sırasında 4-cü əsrə aid olan Alban türbəsi, Şamaxıya qədər gedən yeraltı yolun üzərində tikilən kiçik hücrə də var. Pirhüseyn Rəvvanın türbəsinin içərisindəki qəbir sənduqəsinin üzərini örtən kaşılar olduqca qiymətli sənət əsəridir. Türbənin zəngin bəzək işinin tamamlanma tarixi 1285-ci il göstərilir. Bu barədə “Pirhüseyn Xanəgahı” Tarix Memarlıq Qoruğunun direktoru Mübariz Xəlilov APA TV-yə məlumat verib.

 

"Yeganə kompleksdir ki, o şəxsin ölümündən sonra 500 il burda tikinti-bərpa işləri gedib. Ən əvvəl türbə hissə tikilib. Zaman keçdikcə Şirvan şahları türbəyə bitişik məscid və ön hissə - qəbul otağı tikilib. Rəvayətə görə, minarənin altından Şamaxıya kimi yeraltı yol var idi. Ümumiyyətlə, keçmişdə sufilərin, hürufilərin olduğu yerlərdə yeraltı yollardan çox istifadə olunurdu. Məsələn, Bakı şəhərinin özündə çox yerdə yeraltı yollar mövcuddur. Burda da yollar var, amma, qapanıb".
 

Şeyx Pirhüseynin kiçik ölçülü türbəsini dünyada məşhurlaşdıran onun interyerində ziyarətgah üçün zəruri olan çox təsirli mühit yaradan kaşı bəzəkləridir. Təəssüf ki, kaşılar hələ XIX əsrdən başlayaraq sökülüb, müxtəlif tədqiqatçı, yaxud təsadüfi adamlar tərəfindən qoparılaraq aparılıb və dünyanın müxtəlif muzeylərində eksponata çevrilib. Pirhüseyn kaşılarının böyük bir qrupu Rusiyanın "Ermitaj Muzeyi"ndə, kiçik hissəsi isə Bakıda, "Nizami Muzeyi"ndə saxlanılmaqdadır. Kaşı bəzəklərinin XIX əsrin II yarısından başlayaraq, XX əsrin əvvəllərinədək Avropa muzeylərinə və şəxsi kolleksiyalara satışı prosesi olub. 1906-1907-ci ildə Xanəgahda tədqiqat işləri aparan Ter-Avetisyan familiyalı erməni kaşıların bir hissəsini oğurlayıb aparıb. 1913-cü ildə Parisdən Xanəgaha gəlmiş dəllal Kələkyan soyadlı erməni və Madam Dufantyu isə yerli Qubalı-Baloğlan kəndinin 6 nəfərlik sakini ilə kaşıların çox hissəsini qoparıb Parisdə hərraca çıxarıb. "Pirhüseyn Xanəgahı"na ən böyük dağıdıcı zərbəni 1918-ci ildə Azərbaycanda soyqırımı törədən erməni Lalayanın quldur dəstəsi vurub. Azğınlaşmış erməni yaraqlıları kaşı lövhələrini sındırmaqla kifayətlənməyib, bu nadir memarlıq əsərini bütünlüklə xarabalığa çevirərək oranı tərk edib.

 

Abidə 1939-1940-cı illərdə hərtərəfli tədqiq edilib, daha sonralar 1956-1965-ci illərdə bu kompleksdə bir sıra bərpa işləri aparılıb. Sonuncu dəfə “Pirhüseyn Xanəgahı” Tarix Memarlıq Qoruğu Mədəniyyət və Turizm Nazirliyini tərəfindən 2003-2007-ci illərdə  əsaslı bərpadan sonra yenidən turistlərin və ziyarətçilərin ixtiyarına verilib.

 

“Pirhüseyn Xanəgahı”nın bir cəhətini vurğulamaq lazımdır ki, özü Abşeron-Şirvan memarlıq üslubundadır, ancaq içərisindəki mehrabı, digər memarlıq nümunələri Təbriz ustaları tərəfindən hazırlanıb. Vahid Azərbaycan memarlıq nümunəsidir".

 

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qoruğun fondunda 13758 ədəd eksponat toplanıb. 2012-ci il noyabrın 1-dək qoruq tərəfindən 2358 ədəd eksponat əldə edilib. Bunlardan 5-i arxeoloji əşya, 7 bütöv saxsı qab, digərləri isə dulusçuluq və keramika məmulatıdır. Ümumilikdə fondda 13447 ədəd dulusçuluq və keramika məmulatları var.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı