Komitə sədri Biləsuvarda qəbul keçirib
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Biləsuvar şəhərində vətəndaşları qəbul edib. APA TV-nin cənub bürosunun məlumatına görə, qəbulda Biləsuvar, Cəlilabad, Masallı və Yardımlı rayonlarının sakinlərinin müraciətlərinə baxılıb.
Vətəndaşlar əsasən daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi və icarəsi, torpaq sahələrinin özəlləşdirilməsi, işə qəbul və digər sosial məsələrlə bağlı Komitə sədrinə müraciət ediblər. K.Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətlərinə aid olan müraciətlərin həlli üçün aidiyyatı struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Bəzi müraciətlər qanunvericiliyə uyğun olaraq yerindəcə həll edilib. Araşdırılması tələb olunan müraciətlər isə qeydiyyata alınıb.
Komitənin səlahiyyətlərinə aid olamayan məsələrlə bağlı müraciətlərin baxılması məqsədilə aidiyyatı qurumlara çatdırılması nəzərdə tutulub. Kərəm Həsənov birbaşa edilən müraciətlərin operativ həlli üçün müvafiq tədbirlərin görüləcəyini bildirib.
Qəbulda ümumilikdə 50-dək vətəndaşın müraciəti dinlənilib.