Goranboyda "BMW" hasara çırpıldı, sərnişin öldü

Goranboyda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, hadisə Bakı-Qazax-Gürcüstan magistral yolunun 344 km-də, rayon Dəlməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb. Gəncə sakini, 34 yaşlı Şöhrət Qurbanov idarə etdiyi "BMW" markalı avtomobillə paytaxt istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı dəmir hasara çırpılıb. Qəza zamanı avtomobildə olan Dəlməmmədli şəhər sakini, 41 yaşlı Fikrət İsmayılova ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimala görə qəzaya səbəb yüksək sürət olub. Faktla bağlı  Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli