Düşmən gülləsi altında təhsil, müharibə şəraitində böyüyən nəsil - CƏBHƏDƏN REPORTAJ

Təhsil və Müdafiə nazirliklərinin təşkilatçılığı ilə bir qrup jurnalist Tovuz və Qazax rayonlarının Ermənistanla sərhədindəki kəndlərində olub.

 

APA TV-nin xəbərinə görə jurnalistlər əvvəlcə Tovuz rayonunun Hacallı kəndində Milli Qəhrəman Qasım Rzayevin adını daşıyan orta məktəbə baş çəkiblər. Məktəb erməni ordusunun mövqeləri ilə olduqca yaxın məsafədə yerləşir. Avqust ayının əvvəllərində cəbhədə atəşkəs pozuntularının aktivləşdiyi vaxt ermənilər məktəbi də atəşə tutublar. Yeni təmir olunmasına baxmayaraq, məktəbin divarlarındakı güllə izləri aydın görünür. Həmin vaxt məktəbə atılan iriçaplı güllələr ermənilərin vəhşiliklərinin bariz nümunəsi kimi hələ də məktəbdə saxlanılır. Son 5 ildə hazırda 455 şagirdin təhsil aldığı məktəbin məzunlarından 24-ü ali hərbi məktəb və liseylərə qəbul olunub.

 

Atəşkəsin mütəmadi pozulmasına baxmayaraq, təhsil prosesi normal qaydada davam edir. Bu kəndlərdə güllələrin altında bir nəsil böyüyüb.

 

Sərhədyanı bölgə olduğundan burada hərbi hazırlığa xüsusi diqqət yetirilir. Məktəbin hərbi kabineti tədris üçün zəruri olan plakatlar və avadanlıqla təchiz olunub. Məktəblilər burada atıcı silahların təyinatı, hissələri barədə məlumatlandırılır.

Bundan sonra jurnalistlər Qazax rayonunun Ermənistanla üç tərəfdən sərhəd olan Aslanbəyli kənd orta məktəbinə baş çəkirlər. Döyüş mövqeləri ilə yaxın məsafədə yerləşən bu kəndin yol kənarlarında və məktəbin girişindəki mina və partlamamış sursatlar barədə xəbərdarlıq plakatları əraziyə nabələd olan insanları təhlükələr barədə xəbərdar edir.

Məktəbin foyesində məlumat verilir ki, Aslanbəyli məktəbini bitirənlərdən 24 nəfəri Azərbaycan silahlı qüvvələri sıralarında zabit və gizir kimi xidmət edir. Məzunlardan 18 nəfəri 90-cı illərdə torpaqlarımızın müdafiəsi zamanı şəhid olub.

Burada da hərbi hazırlıq fənninin tədrisinə xüsusi diqqət yetirilir.

Məktəbin çağırışaqədərki hazırlıq fənninin müəllimi deyir ki, burada yuxarı siniflərə hərbi və mülki müdafiə hazırlığı ilə yanaşı, aşağı siniflərdə mina təhlükəsinə dair maarifləndirmə fənni tədris olunur. Buna səbəb ərazidə döyüş əməliyyatları zamanı çox sayda minanın basdırılmasıdır. Son zamanlar kəndin ərazisində bir neçə mina hadisəsi baş verib.

Məktəbin direktoru Dilqəm Məmmədov deyir ki, atəşkəsin pozulması dərsin davamiyyətinə heç bir təsir göstərmir.

 

Bölgədə yaşayanlar artıq bu vəziyyətə öyrəşiblər. Onlar düşmən gülləsindən qorxmadan həyatlarını davam etdirirlər. Sakinlər əmindirlər ki, Milli Ordumuz düşmənin bütün hücumlarını dəf edəcək.

 

Müəllif | Apa.Tv
Apa.tv