Bakı qış mövsümünə hazırdırmı?
"Bu il qışda Bakı sakinləri elektrik enerjisi ilə fasiləsiz və problemsiz təmin olunacaqlar". Bunu APA TV-yə “Bakıelektrikşəbəkə” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. Onun sözlərinə görə, “Bakıelektrikşəbəkə” tərəfindən 110 kilovatlıq 23 yarımstansiya tikilib, 35 kv-lik 46 stansiya əsaslı təmir edilib. Bütün köhnə transformatorlar yeniləri ilə əvəzlənib. Bundan başqa, paytaxt ərazisindəki 10 mindən çox elektrik dirəyi yenilənib.
"Qışın sərt olması, güclü küləklərin və aramsız yağışların çoxluğu bizi qorxutmur. “Bakıelektrikşəbəkə” qışa tam gücü ilə hazırdır. Bu qış ötən illərə nisbətən daha yaxşı və dayanaqlı elektrik enerjisi veriləcək. Bunun üçün bir çox iş görülüb. Əsas problemlər aradan qaldırılıb. Əhaliyə, abonentlərə deyə bilərik ki, heç bir narahatlığa əsas yoxdur. Nə qədər tələbat olsa, ödəniləcəyinə əminəm. Abonentlərimiz sadəcə istifadə etmiş olduqları enerji haqqını vaxtlı-vaxtında ödəyərsə heç bir problem yaşanmayacaq. Hazırda yenə də bu istiqamətdə işlər davam edir, köhnə transformatorlar dəyişdirilir".
Bakı ətrafı kənd və qəsəbələrin elektrik enerjisi ilə təminatına gəlincə...
"Əvvəllər güclü külək olduqda belə ətraf kənd və qəsəbələrdə hava verilişi xətlərində ciddi problemlər yaranırdı. Artıq "Bakıelektrikşəbəkə" izolyasiyalı xətləri kabel xətləri əvəz edib, yeni dayaqlar basdırılıb, hətta fərdi qaydada ən ucqar kənd və yaxud qəsəbədə belə problem varsa biz onu da aradan qaldırmağa hazırıq. İnşa etdiyimiz stansiyalar da ən müasir avadanlıqla təmin olunub. Bunun özü deməyə imkan verir ki, bu istiqamətə olan tələbat ödəniləcək".
“Azəriqaz” İstehsalat Birliyi də əhalinin və digər istehlakçıların normal və təhlükəsiz qaz təchizatı ilə təmin olunması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpası, eləcə də qaz təchizatı şəbəkəsinin əsaslı təmiri istiqamətində genişmiqyaslı işləri davam etdirməkdədir. "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev də qurumun qışa hazırlıqla bağlı əsas işləri gördüyünü deyib.
"Tədbirlər planına uyğun olaraq artıq müvafiq işlərə başlanılıb. Ümumilikdə, 30 min metrdən çox qaz xəttinin əvəzlənməsi , çəkilməsi artıq yerinə yetirilib. 102 ədəd qaz təmizləyici şkafın dəyişdirilməsi , ümumilikdə isə 5 min metrdən çox olan xəttin dayaqlar üzərinə qaldırılması kimi texniki xarakterli işlər görülüb. Ölçü qovşaqlarındakı avadanlığa baxış keçirilib. Onların təmir, təftiş olunması istiqamətində addımlar atılıb. Bundan əlavə payız-qış mövsümündə təhlükəsizlik qaydalı ilə bağlı texniki baxışlarda yaxşılaşdırlıb".
“Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev isə deyib ki, bu il Bakıda 264 bina istilik sisteminə qoşulub. 37 yeni istilik qazanxanası tikilib. Baxmayaraq ki, rəsmi olaraq qış fəsli noyabrın 15-dən başlayır, artıq “Azəristiliktəchizat” ASC qabaqlayıcı tədbirlər görüb.
"Azəristiliktəchizat” tərəfindən 39 yeni istilik mənbəyi yaradılıb. 270 yaşayış binasının məhəllə daxili və aşağı paylayıcı istilik sistemləri tamamilə yenidən qurulub. Ötən il istiliklə təmin olunmayan 15 uşaq bağçası və səhiyyə obyekti də binadaxili istilik sistemi ilə yenilənib. Bakıda 3142 yaşayış binası, 275 məktəb, 156 uşaq bağçası, 147 səhiyyə obyekti və 428 digər sosial obyekt istiliklə təmin edilib. İstilik mənbələrinin sayı 200 ədəd, 83 faiz artıb. 73 qazan aqreqatı əsaslı təmir olunub, 363 qazan mexaniki üsulla təmizlənib. 90 elektrik mühərriki əsaslı təmir olunub"