Astarada “Qeysər kəsiyi” əməliyyatı olunan ana dünyasını dəyişib
Astara sakini doğuş zamanı dünyasını dəyişib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə Lənkəran Mərkəzi Rayon Xəstəxanasında (MRX) qeydə alınıb. Astara rayonunun Ərçivan qəsəbə sakini, 34 yaşlı Xoşqədəm Yədulla qızı Məmmədova üzərində aparılmış Qeysəriyyə əməliyyatından sonra xəstəxananın doğum şöbəsində ölüb. MRX baş həkiminin müavini Əbülfət Məmmədovun sözlərinə görə, əməliyyat uğurla həyata keçirilib və sağlam qız uşağı dünyaya gəlib. Lakin bir müddət sonra reanimasiya şöbəsinə köçürülmüş Xoşqədəm Məmmədovanın vəziyyəti qəfildən pisləşib.
Mərhumun yaxınlarının verdiyi məlumata görə, bu, Xoşqədəm Məmmədovanın üçüncü doğuşudur. Bundan əvvəlki doğuşlar da Qeysəriyyə kəsiyi ilə aparılıb. Həkimlər əməliyyatın riskli olduğunu anaya əvvəldən bildiriblər. Bu səbəbdən mərhumun qohumları ananın ölümündə həkimləri günahkar bilmirlər. Qeyd edək ki, Səhiyyə Nazirliyi Lənkəranda baş vermiş ana ölümü faktı ilə bağlı araşdırmalara başlayıb.