Ukrayna parlamentinə seçkilər başa çatdı, kommunistlər uduzdu

Ukraynada Ali Radaya növbədənkənar parlament seçkiləri keçirilib. APA TV-nin məlumatına görə, bu, eks-prezident Viktor Yanukoviçin ölkəni tərk etməsindən sonra keçirilən ilk parlament seçkiləridir.

 

Ukrayna qanunvericiliyə görə, seçki məntəqələri yerli vaxtla saat 08.00-da (Bakı vaxtı ilə 10.00) açılıb və səsvermə 12 saat davam edib.

 

“Exit-poll”un nəticələrinə görə, Radaya 7 partiya keçə biləcək. "Pyotr Poroşenko bloku" və Arseni Yatsenyukun "Xalq cəbhəsi" bloku seçkilərin lideridir. "Batkıvşina" partiyasının lideri, keçmiş baş nazir Yuliya Timoşenko Ali Radanın 8-ci çağırışını ilk Avropameylli parlament adlandırıb. Müstəqil Ukraynanın tarixində ilk dəfə kommunistlər parlamentdə yer qazana bilməyiblər.

 

Ukrayna Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Donetsk vilayətinin 21 seçki dairəsindən 9-da, Luqansk vilayətinin isə 11 seçki dairəsindən  6-da seçkilər keçirilməyib. Ukraynanın şərqində 3 milyona yaxın, Krımda isə 1,8 milyon seçici səs vermək imkanı əldə edib.

 

Seçkilər günü Ukrayna prezidenti Pyotr Poroşenko Donbasa səfər edib. O, Donetsk vilayətinin separatçılardan təmizlənmiş Kramatorsk şəhərində seçki məntəqəsində olub. P. Poroşenko ukraynalı hərbçilərlə də görüşüb. Daha sonra Kiyevə qayıdan Ukrayna prezidenti səs verib: "Mən gələcəyə, Avropa istiqamətində inkişafa səs verdim. Əminəm ki, bizdə yeni hökumət, yeni Avropameylli koalisiya və yeni parlament olacaq".

 

Ukrayna parlamenti 5 il müddətinə formalaşır. Millət vəkillərinin yarısı majoritar, yarısı isə proporsional sistem üzrə seçilir. Partiyaların parlamentdə proporsional sistem üzrə mandat qazanması üçün 5 faizlik baryer müəyyənləşdirilib. 

Müəllif | Apa.Tv
Apa.tv