Müğənni Ayan Babakişiyeva: “Toylara niyə yox deməliyik ki?”
Sosial şəbəkələrdə başlayan “Toylara yox de” kampaniyasına cəmiyyətdə münasibət birmənalı deyil. Sənətçi Ayan Babakişiyeva bu kampaniyaya qarşı olduğunu deyir.
“Müğənniləri qınaq obyektinə çevirirlər ki, konsert vermir, klip çəkmir. Konsert vermək üçün sənin əlində bəlli bir sərmayə lazımdır. Bəlli sərmayəni qazanmaq üçün də toylarda iştirak etməlisən - yarım saat, bir saat, yaxud əvvəldən sonacan... Azərbaycanda sponsorluq o qədər inkişaf etməyib ki, sponsorların hesabına konsert verə biləsən. Təbii ki, bu işə özün sərmayə qoymalısan. Yaxşı, biz toylara yox deyirik. Bəs müğənni nə ilə qazanmalıdır?”
Ayan Babakiyeva sənətçiyə sponsor dəstəyinin cəmiyyətdə birmənalı qarşılanmadığını deyir: “Bir də belə bir anlayış var. Deyirsən ki, mənə filankəs, yaxud filan brend sponsorluq edir, o dəqiqə başqa yerə yozurlar. Başqa bir şey fikirləşirlər, deyirlər yəqin başqa məqamlar var. Toylara yox demək lazım deyil. Müğənnilər toylardan pul qazanır. Elə müğənnilər var ki, biznesləri var. Elə müğənnilər də var ki, biznesi ancaq toydur. O müğənniləri qınamaq lazım deyil”.
Ayan Babakişiyeva toylarda israfçılığın cəmiyyətin psixologiyasından qaynaqlandığını deyir: “Azərbaycanda belə bir psixologiya var. Toya gedirsən, yemək azdırsa, o dəqiqə deyirlər, ev sahibi ya kasıbdır, ya da simicdir, ona görə pis süfrə açdı. Başqa bir toya gedirsən, yemək-içmək bol olur, deyirlər, ev sahibi özünü göstərir, pullu adamdır. Ona görə mən belə fikirləşirəm ki, xaricdəki kimi standart menyu olmalıdır. Yoxsa yemək üstünə yemək, bəzən yeməkləri qarışdırırsan, mədən pozulur, bir neçə gün özünü pis hiss edirsən. Təbii ki, bunu xoşlamıram”.
Müğənni hər dəvət olunan toya getmədiyini deyir.
“Bir dəfə salam verib məni toyuna çağırıbsa, mən heç özüm getmirəm, işçilərimdən birini göndərirəm, deyirəm get, heç məclisdə oturma, pulu yazdır, gəl. Məcburən pul göndərməli oluram, çünki sonra müzakirəyə çıxarırlar ki, çağırdım, toyuma gəlmədi”.