Cəlilabadda canavar hücumu - biri hamilə qadın, dörd nəfər hücuma məruz qaldı

Cəlilabad rayonunda tükürpərdici hadisə baş verib. Rayonun Buravar kəndində yaşayan Şahmarovlar ailəsinin evinə hücum edən canavar 4 nəfəri yaralayıb. APA TV-nin cənub bürosunun məlumatına görə, ailənin 11 yaşlı qızı Aygün Şahmarova həyətə düşmək istəyərkən canavarın yaxınlaşdığını görüb. O, evə girməyə cəhd etsə də, canavar qızı sürüyərək həyətə aparıb. Qızın qışqırığına digər ailə üzvləri gəlib. 16 yaşlı Vüsal Şahmarov bacısını canavardan uzaqlaşdırıb, lakin bu dəfə ailənin digər üzvləri vəhşi heyvanın hücumuna məruz qalıb. Ev sahibi Yusif Şahmarov oğlu ilə birlikdə canavarı boğaraq öldürüb.

 

Hadisədən zərərəçəkən 4 nəfər Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Xəstəxananın baş həkimi İlham Əliyev APA-ya deyib ki, yaralananlara ilkin tibbi yardım göstərilib. Onlara quduzluq əleyhinə vaksinlər vurulub, öldürülən canavar Dövlət Baytarlıq Xidmətinə təhvil verilib və onun quduz olub-olmaması yoxlanılacaq. 19 yaşlı Şahmarova Əfsanə Yusif qızı, 11 yaşlı Şahmarova Aygül Yusif qızıl, 20 yaşlı Şahmarova Nurçiçək Yusif qızı  və 16 yaşlı  Şahmarov Vüsal Yusif oğlu xəstəxanada ambulator müayinə alırlar, vəziyyətləri normaldır.

 

Xəsarət alanlardan Əfsanə Şahmarova 4 aylıq hamilədir. Hadisədən sonra onun səhhətinə heç bir problemin yaranmadığını deyən baş həkim qeyd edib ki, müəyyən məsləhətləşmələr aparılıb, quduzluğa qarşı vaksin vurulub.

 

Müəllif | Apa.Tv