Tanınmış yazıçı Cəmil Əlibəyov vəfat edib
Azərbaycanın görkəmli ziyalısı, tanınmış yazıçı Cəmil Əlibəyov dünyasını dəyişib. O, uzun sürən xəstəlikdən sonra ötən gecə vəfat edib. Mərhumla vida mərasimi “Təzəpir” məscidinin vida zalında keçirilib. Mərhum Balaxanı qəbiristanlığında, həyat yoldaşının məzarının yanında dəfn olunub.
APA TV-nin xəbərinə görə, Cəmil Əlibəyov 1927-ci ildə Füzuli rayonunun Dədəli kəndində anadan olub. 1949-cu ildən "Azərbaycan gəncləri" qəzetində çalışmağa başlayıb. 1970-ci ildə Azərbaycan Respublikası Radio və Televiziya Verilişləri Komitəsinin sədr müavini təyin olunub, radioya başçılıq edib. 1974-cü ildən başlayaraq on il ərzində "Azərbaycanfilm" kinostudiyasının direktoru olub. Bu müddətdə istehsal olunan filmlərə ("Dədə Qorqud", "Babək", "Dərviş Parisi partladır", "Tütək səsi", "İstintaq", "Ad günü", "Qayınana", "Papaq") görə ümumittifaq, beynəlxalq və respublika mükafatlarına layiq görülüb.
"Sınaq", "Mənim analı dünyam", "Həyatın özü", "Dözümlü məhəbbət", "Dünyanın o biri ucu", "İlk məhəbbət" romanlarının, "Qayaların göz yaşı", "Özümü axtarıram", "Analar", "Anam Arazım mənim" və digər povestlərin, bir neçə pyesin, ssenarinin, publisist kitabın müəllifidir.