Ermənistan Bakıda keçiriləcək Birinci Qlobal Foruma qatılmayacaq

"Ermənistan sabah Bakıda keçiriləcək gənclər siyasəti üzrə Birinci Qlobal Foruma qatılmayacaq".

 

APA TV-nin xəbərinə görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev forumla bağlı bu gün keçirdiyi brifinqdə deyib: "Bu tədbir BMT-nin tədbiri olduğu üçün 194 ölkəyə, o cümlədən Ermənistana dəvət göndərilib. Amma 156 ölkə iştirak edəcək".

 

Nazir müavini "Ebola” virusu yayılmış ölkələrin tədbirdə iştirakına qadağa qoyulması barədə mətbuatda yayılmış məlumatların həqiqətə uyğun olmadığını deyib. Onun sözlərinə görə, hər bir beynəlxalq tədbirdə olduğu bu tədbirdə iştirakla bağlı kvota müəyyən edilib və bu çərçivədən artıq şəxsin iştirakının mümkünsüz olduğu bildirilib. İntiqam Babayev "Ebola" təhlükəsi ilə bağlı da lazımi tədbirlərin görüldüyünü diqqətə çatdırıb: "Azərbaycanın Səhiyyə Nazirliyi “Ebola” virusu yayılan ölkələrdən gələn nümayəndələr üçün profilaktik tədbirlər görməyə hazır olduğunu bildirib. Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatına da müraciət etmişik. Onlardan xahiş etdik ki, bizə bu prosesdə dəstək olsunlar. Ümid edirik ki, hər şey yaxşı olacaq".

 

Nazir müavini BMT baş katibi Pan Gi Munun da forumda iştirak etməyəcəyini bildirib. O, bunun “Ebola” və digər problemlərlə bağlı BMT-nin iş qrafikinin gərgin olması ilə əsaslandırıldığını deyib.

 

Gənclər siyasəti üzrə Birinci Qlobal Forumda 3 gün davam edəcək. 156 ölkədən 700 nümayəndə artıq tədbirdə iştirakını təsdiqləyib. İntiqam Babayev bu forumun 21-ci əsirdə gənclər sahəsində ən böyük beynəlxalq tədbir olduğunu deyib. Forumun məqsədi ölkələrin gənclər sahəsindəki təcrübələrini mübadilə etmək, boşluqları müzakirə etmək və həll yollarını axtarmaqdır. 

 

Müəllif | Apa.Tv