Ukraynada seçkilər: Parlamentdə 7 partiya təmsil olunacaq
Ukraynada Ali Radaya növbədənkənar seçkilər keçirilib. APA TV-nin xəbərinə görə, bu, eks-prezident Viktor Yanukoviçin ölkəni tərk etməsindən sonra keçirilən ilk parlament seçkiləridir. “Exit-poll”un nəticələrinə görə, Radaya 7 partiya keçə biləcək. Arseni Yatsenyukun "Xalq cəbhəsi" bloku və "Pyotr Poroşenko bloku" seçkilərin lideridir. Mərkəzi Seçki Komissiyası səslərin 50 faizini açıqlayıb. "Xalq cəbhəsi" bloku səslərin 21,61 faizini, "Pyotr Poroşenko"nun bloku isə 21,45 faizini toplayıb. Ardınca 11,10 faiz səslə Sampomiç Birliyi yer alıb. Seçicilərin 9,82 faizi müxalifət blokuna səs verib. Radikal partiya 7,38 səslə 5, Batkıvşuba fraksiyası isə 5,69 səslə 6-cı yeri tutub.
Digər partiyalar isə 5 faizdən az səs toplamaqla parlamentə giriş baryerini keçə bilməyib.
Ukrayna parlamenti 5 il müddətinə formalaşır. Millət vəkillərinin yarısı majoritar, yarısı isə proporsional sistem üzrə seçilir. Partiyaların parlamentdə proporsional sistem üzrə mandat qazanması üçün 5 faizlik baryer müəyyənləşdirilib.
"Batkıvşina" partiyasının lideri, keçmiş baş nazir Yuliya Timoşenko Ali Radanın 8-ci çağırışını ilk Avropameylli parlament adlandırıb. Müstəqil Ukraynanın tarixində ilk dəfə kommunistlər parlamentdə yer qazana bilməyiblər.
Avropa Komsiiyasının prezidenti Joze Manuel Barozzo da Ukraynanı Ali Radaya uğurlu seçkilər keçirməsi münasibəti ilə təbrik edib.
Mərkəzi Seçki Komissiyasının rəhbəri Mixail Oxendovskinin sözlərinə görə, Ali Radaya seçkilərlə bağlı səslərin hesablanması başa çatıb. Hazırda vilayətlər üzrə səslərin nəticələri barədə protokol tərtib edilərək mərkəzə göndərilir və sonda yekun nəticə açıqlanacaq.
Ukrayna Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Donetsk vilayətinin 21 seçki dairəsindən 9-da, Luqansk vilayətinin isə 11 seçki dairəsindən 6-da seçkilər keçirilməyib. Ukraynanın şərqində 3 milyona yaxın, Krımda isə 1,8 milyon seçici səs vermək imkanı əldə edib.
Seçkilər günü Ukrayna prezidenti Pyotr Poroşenko Donbasa səfər edib. O, Donetsk vilayətinin separatçılardan təmizlənmiş Kramatorsk şəhərində seçki məntəqəsində olub. P. Poroşenko ukraynalı hərbçilərlə də görüşüb. Daha sonra Kiyevə qayıdan Ukrayna prezidenti səs verib.
Bu arada Kiyev vilayətində seçki bülletenlərini və səsverməyə aid digər sənədləri daşıyan avtomobil qəza törədib. Nəticədə 3 nəfər ölüb. Bülletenlərə isə heç nə olmayıb.