İŞİD-ə qarşı "Ağ kəfənlilər"?

Suriyanın Kobani şəhərində İŞİD-lə YPG arasında şiddətli döyüşlər davam edir. Kürd qruplaşmasının rəhbərlərindən Asiya Abdulla Kobaniyə İŞİD-in nəzarət etdiyi digər bölgələrdən terror təşkilatına tank, mərmi və silahlar yardımından başqa, canlı qüvvənin də göndərildiyini bildirib. Peşmərgənin sözçüsü Helqurt Hikmət az sayda peşmərgənin Türkiyə ərazisindən Kobanidəki kürdlərə yardıma gedəcəyini açıqlayıb. 

 

İngiltərənin SOHR təşkilatı oktyabr ayı ərzində Kobanidə gedən döyüşlərdə 800-dən çox insanın öldürüldüyünü açıqlayıb. Bunlardan 481-nin İŞİD terrorçusu, 313-nün kürd olduğu qeyd olunur.

 

Suriyada və İraqda isə yeni təşkilat İŞİD-ə qarşı mübarizəyə başlayıb.APA TV-nin xəbərinə görə, ötən bir neçə gündə Suriyanın Dey Ez-Zor bölgəsində yüzə qədər terrorçunu öldürən "Ağ kəfənlilər" dünən axşam İŞİD əmirini qətlə yetirib. Mosulda əmir Əbu Huzifə ilə birgə onun 17 mühafizəçisi də öldürülüb. Şahidlər bildirir ki, Mosulun Baasi məhəlləsində 5 dəqiqə davam edən atışmadan sonra ağ paltarlı şəxslər "İraq və Suriyada vəhşət saçan İŞİD-in sonu ölümdür" deyə bağıraraq, hadisə yerindən uzaqlaşıb. İŞİD terrorçuları məhəlləni mühasirəyə alıb, evlərdə tək-tək axtarış aparıb. Bu, "Ağ kəfənlilər"in İraqda ilk əməliyyatıdır.

 

Bu arada Mosulda Səddam Hüseynin keçmiş hərbçilərindən olan Müstəqil Zabitlər Hərəkatının İŞİD-ə qarşı döyüşdüyü, nəticədə 18 terrorçunun öldürüldüyü barədə xəbər yayılıb.

 

Almaniyanın Spiegel dərgisi ölkə ərazisindən Suriyaya gedən PKK terrorçularının sayının artdığını yazıb. İndiyə kimi 50 terrorçunun getdiyi barədə xəbər var. Almaniyada Kobaninin İŞİD-in əlinə keçməsindən narahatlıq ifadə edilir. Belə olsa, PKK terrorçularının Almaniyada terror aktları törədəcəyi, xüsusi ilə Türkiyə qurumlarına qarşı hücumların olacağı ehtimal edilir.

Müəllif | Apa.Tv
Elvin Bayramlı