"Avtovağzal" metro stansiyasında tikinti işləri nə vaxt yekunlaşacaq?

"Piramida şəkilində olan "Avtovağzal" meteostansiyasında tikinti işləri hələ davam edir. Stansiyanın ötən il istifadəyə verilməsi nəzərdə tutulsa da, orada işlər hələ yekunlaşmayıb".

 

Bunları APA TV-yə Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib. O bildirib ki, digər stansiyalardan həm ölçüsünə, həm də quruluşuna görə xeyli fərqləndiyi üçün burda işlərin başa çatması da xeyli vaxt tələb edir. 20 eskalatorun quraşdırılacağı stansiyada Bakı Metropoliteni tarixində ilk dəfə olaraq, fiziki qüsurlu insanlar üçün də şərait yaradılacaq. Burada digər stansiyalarda olmayan liftlər də quraşdırılacaq. "Memar Əcəmi-2" və "Avtovağzal" "bənövşəyi xətt"in ilk iki stansiyası olacaq: "Hazırda hər iki stansiyada işlərin böyük əksəriyyəti yekunlaşıb. Tunellər çəkilib, relslər, eskalatorlar quraşdırılıb. Burda hər bir stansiyada xüsusi liftlər olacaq, əlil sərnişinlər də liftlər vasitəsi ilə birbaşa platformaya enəcək və orda onlar üçün ayrılmış xüsusi yerdə hərəkət edəcəklər. Hazırda bu liftlərin quraşdırılması davam edir". 

 

Metropoliten rəsmisi deyir ki, platformalar 7 vaqonlu olsa da,  5 vaqonlu qatarlardan istifadə ediləcək. Ancaq bu qatarların əvvəlkilərdən xeyli fərqi olacaq: "Hər biri 5 vaqonlu olmaqla 3 qatardan istifadə olunacaq. "Bənövşəyi xətt" və bundan sonra istifadə olunacaq xətlərimizdə yeni qatarlardan istifadə olunacaq".

 

Ancaq "bənövşəyi xətt"in stansiyaları bununla məhdudlaşmır. Bu stansiyaların sayı 12-yə çatdırılacaq: "Şərti adı B3, B4, B5 olan stansiyalar var. Bu xəttin uzunluğu Qaraçuxur qəsəbəsinə qədər gedəcək. B3 stansiyası Papanin adlandırdığımız ərazidədir, hazırda tikintisi davam edir. B4 stansiyası isə Heyər Əliyev adına idman kompleksinin arxasında davam edir. B5 stansiyas da Qış bulvarında olacaq".

 

Ötən ilin yanvar ayında təmirə bağlanan "28 May” stansiyasının nə vaxt tam tam istifadəyə veriləcəyinə gəlincə, Metropoliten sözçüsü bildirir ki, bunun dəqiq tarixi hələ məlum deyil.

 

Qeyd edək ki, Dövlət Porqoramına uyğun olaraq, 23 stansiyası və 1 elektrik deposu olan Bakı Metropoliteni 2030-cu ildə 5 xətt üzrə 76 stansiya və 5 elektrik deposundan ibarət olacaq.

Müəllif | Apa.Tv