Üç partiyanın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. APA TV-nin xəbərinə görə, öncə MSK-nın 20 oktyabr və 21 oktyabr tarixli iclas protokolları təsdiq edilib.

 

Daha sonra 23 dekabr tarixinə təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası və Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələlərinə baxılıb. Məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib. Bu partiyaların bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri ilə bağlı məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

 

Sonda bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilməsi barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

 

MSK sədri Məzahir Pənahov deyib ki, qanunvericiliyə uyğun olaraq, bələdiyyə seçkilərində 60-dan artıq seçki dairəsində namizədləri olan partiyalara İctimai Televiziyada (İTV) pulsuz efir vaxtı ayrılacaq. M.Pənahov bu həftədən başlayaraq seçki gününə qədər İctimai Televiziyada MSK üzvlərinin iştirakı ilə bələdiyyə seçkiləri ilə bağlı maarifləndirici xarakterli verilişlərin efirə çıxacağını da nəzərə çatdırıb. O, bələdiyyə seçkilərində namizədliyini irəli sürən şəxslərin seçki platformalarının əhaliyə çatdırılmasına çalışacaqlarını qeyd edib.

Müəllif | Apa.Tv
Apa.tv