Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub

Yelisey Sarayında Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub. APA TV-nin məlumatına görə, Fransa prezidenti Fransua Ollandın iştirakı ilə keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi müzakirə olunub. ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin də qatıldığı müzakirələrdə Fransua Olland münaqişə tərəflərini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə hörmət və Minsk Qrupu həmsədrləri tərəfindən müəyyən olunmuş təməl prinsipləri əsasında, danışıqlar yolu ilə həll etməyə çağırıb. O, hazırkı status-kvonun qəbuledilməz olduğunu qeyd edib. Fransa prezidenti münaqişənin nizamlanması prosesində irəliləyişə nail olmaq üçün böyük sülh sazişinin tərtib edilməsinin başlanmasını təklif edib.

Ermənistan və Azərbaycan prezidentləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında münaqişədə itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsi aparmaq qərarına gəliblər.

Yelisey Sarayından verilən rəsmi açıqlamada prezidentlərin münaqişənin həlli istiqamətində danışıqları davam etdirmək haqqında razılığa gəldiyi bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv