Zakir Həsənov cəbhə bölgəsindəki hərbi hissələrdə döyüş hazırlığını yoxlayıb
Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 27-dən başlayaraq, cəbhə bölgəsində yerləşən hərbi hissələrin döyüşə hazırlıq səviyyəsinin yoxlanılmasını həyata keçirir.
APA TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Müdafiənin ön xəttində yerləşən hərbi hissələrə baş çəkən Müdafiə Nazirliyinin rəhbərliyi görülən işlər, şəxsi heyət tərəfindən döyüş tapşırığının yerinə yetirilməsinin vəziyyəti və qarşıda qoyulan tapşırıqların praktiki cəhətdən icrası ilə maraqlanıb.
Artilleriya hərbi hissəsində qoşunların silahlanması, yeni daxil edilmiş müasir texnikalara baxış keçirərkən onların effektiv istifadəsi, döyüş imkanları və tapşırıqları bir daha dəqiqləşdirilib. Əsgər yeməkxanasında nahar edən müdafiə naziri hərbi qulluqçuların mənəvi-psixoloji durumu və sosial şəraiti ilə maraqlanıb. Hərbi tibb müəssisəsində müalicə olunan hərbi qulluqçularla görüşən nazir onların qısa müddətdə sağaldılaraq xidmət yerlərinə qayıtmaları barədə həkim heyətinə göstərişlərini verib.
Əsgər kazarmalarında olan müdafiə naziri şəxsi heyətin məişət şəraitinin daha da yaxşılaşdırılması və qışa hazırlığın keyfiyyətli təşkili ilə bağlı müvafiq tapşırıqlarını verib.