Kobanidə son durum: bir-birini təkzib edən xəbərlər yayılır
Kobani uğrunda şiddətli döyüşlərin davam etdiyi bir vaxtda şəhərlə bağlı bir-birini təkzib edən xəbərlər də yayılır.
APA TV-nin xəbərinə görə, İŞİD terror təşkilatı girov götürdüyü ingilis jurnalistə Kobanidən reportaj hazırlatdırıb. 2012-ci ildən girovluqda olan Con Kentli hazırladığı materialda bildirib ki, Kobani artıq İŞİD-in əlindədir. Şəhərdə sakitlik hökm sürür. Con Ketli deyir ki, Kobanidə nə PKK, nə YPG, nə də peşmərgə qalıb. İngilis jurnalist arxa tərəfində Türkiyə bayrağının olduğunu deyir, videoda isə binanın üzərində dalğalanan türk bayrağı görünür. Bu video Kentlinin hazırladığı ikinci materialdır.
Ancaq yayılan başqa xəbərdə İŞİD lideri Əbubəkir Bağdadinin təşkilatın liderlərinə göndərdiyi mesajda Beka, Arsel və Kobanidəki qoşunların geri çəkilməsini istədiyi iddia olunur. Kobanidə döyüşlər artıq 40 gündən artıqdır, davam edir. İŞİD-in itkiləri 500 nəfəri keçib. Bu səbəbdən təşkilat rəhbərinin belə istəkdə olduğu qeyd olunur. Həmçinin, Bağdadinin Livanda döyüşlərin tez başladığı fikrində olduğu bildirilir.
Qeyd edək ki, Livan ordusu İŞİD-in liderlərindən olan İmad Ahmed Cumanı təsadüf nəticəsində ələ keçirib.
Raqqadakı olan mənbələr təşkilatın yüksək rütbəli komandirlərinin toplantı keçirərək Kobanidən çəkilmə məsələsini müzakirə etdiklərini deyir.