"Kəlbəcər girovları"nın mələsələsi parlamentdə müzakirə olundu
Ermənilərin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevin üzərində ötən gün keçirilən “məhkəmə” Milli Məclisin bu gün keçirilən iclasında gündəmə gətirilib. APA TV-nin xəbərinə görə, deputat Fazil Mustafa bildirib ki, separatçı rejim qondarma məhkəməsində Rusiyadan olan, beynəlxalq aləmdə tanınan vəkillər girovların müdafiəsini təşkil edə bilər.
Deputat Qənirə Paşayeva bildirib ki, azərbaycanlı girovlara ağır işgəncələr verilir: “Onlar üzərində oyuncaq bir “məhkəmə” keçirilir. Biz bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinə və Avropa Şurası işgəncələr əleyhinə komitəyə müraciət etməliyik. Onlara verilən işgəncələrlə bağlı lazımi beynəlxalq təşkilatlar qarşısında tələb qaldırmalıyıq. Əks halda, görünən odur ki, ermənilərin azərbaycanlı girovları buraxmaq niyyəti yoxdur”.
Vitse-spiker Bahar Muradova da azərbaycanlı girovlar məsələsinin vacib olduğunu deyib: "Mən Milli Məclisin deputatının qondarma rejimin keçirdiyi məhkəmədə girovların müdafiəsi üçün vəkillik etməsini mümkün hesab etmirəm. Bu, qondarma rejimin tanınması kimi dəyərləndirilə bilər. Qondarma qurumun qondarma məhkəmə aktına etiraz edilməlidir. Amma bu, o demək deyil ki, Milli Məclisin üzvləri girovların müdafiəsi üçün Qarabağa getməlidir. Beynəlxalq təşkilatlar bu məsələyə cəlb edilməlidir”.
Parlamnetin iclasında Azərbaycan Ali Məhkəməsinin hakimi Əli Rüstəmovun səlahiyyət müddəti uzadılıb.