Polislər hansı halda elektroşokdan istifadə edə bilərlər? - QANUN
Milli Məclisin bu gün keçirilən iclasında “Polis haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. APA TV xəbər verir ki, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Dəyişiklikdə Daxili İşlər Nazirliyinin müəyyən etdiyi polis əməkdaşlarının elektroşokdan istifadəsi nəzərdə tutulub: "Dəyişikliyə görə, elektroşok vasitələri insan həyatına və sağlamlığına real təhlükə yaradan basqın və ya digər zorakılıq edildikdə, qiyam və ya kütləvi iğtişaşlar baş verdikdə, yaşayış binalarına, habelə müəssisələrin, idarələrin, təşkilatların binalarına qrup halında basqın dəf edildikdə, tutulan şəxs tərəfindən silahlı müqavimət göstərildikdə və ya göstəriləcəyinə ehtimal etməyə kifayət qədər əsas olduqda istifadə oluna bilər".
Bununla yanaşı, cinayət törədilməsində şübhəli bilindiyinə görə tutulmuş, barəsində həbs-qətimkan tədbiri seçilmiş və ya müəyyən müddətə azadlıqdan məhrumetmə, yaxud ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxsin həbsdən qaçmasının qarşısını aldıqda, habelə bu şəxsin qanunsuz azad edilməsi üçün kənar şəxslər tərəfindən güc işlədildikdə elektroşok vasitəsinin istifadəsi mümkün olacaq. Hazırkı qanunvericiliyə görə isə elektroşokdan istifadədə məhdudiyyət yoxdur. İdarə və bölmə rəislərinin, komandirlərin icazəsi ilə hər bir polis nəfəri elektroşokdan istifadə edə bilər.
Layihə səsə qoyularaq qəbul olunub.