Bakı-Sumqayıt yolunda tıxac problemi həll olunur
Bakı-Sumqayıt yolunda və Binəqədi rayonu ərazisində aparılan tikinti işləri davam edir. Biləcəri qəsəbəsində yerləşən köhnə yol ötürücüsü sökülərək yerində müasir tipli yol ötürücüsü tikilir.
Ərazidə tikinti işləri davam etdirilir. Bu işlərin başa çatdırılmasına müəyyən bir vaxt lazımdır. Bu, isə o deməkdir ki Bakı-Sumqayıt yolunda hələ bir müddətdə tıxac davam edəcək.
"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev APA TV-yə deyib ki, həmin ərazidə dördaşırımlı yeni yol ötürücüsü inşa olunacaq. Yol ötürücülərindən birinin də bir qədər genişləndirilməsi nəzərdə tutulub: "Neçə vaxtdır ki, Bakı-Quba, Rusiya Federasiyası yolunun 6-9 kilometrliyində kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlərin həyata keçirilməsində məqsəd həmin ərazidə olan sıxlığın aradan qaldırılmasıdır. Yolun 6-9 kilometrliyi hissəsinə paralel, köməkçi hissədə də genişləndirilmə işləri həyata keçirildi. Hər iki tərəfdə 3 zolaqlı yol salındıqdan sonra həmin istiqamətdə mövcud yol ötürücülərinin söküntüsü işlərinə başlanıldı. Sovet dövründə inşa olunan yol ötürücüləri hazırkı normalara cavab vermədiyi üçün yeni tikinti işləri aparıldı".
Aparılan digər tikinti işləri isə Biləcəri-Xocasən avtomobil yolundadır. Qurum rəsmisi bildirir ki, bu yol Sumqayıtdan Bakı istiqamətində hərəkət sıxlığının aradan qaldırılmasına gətirib çıxaracaq: "Həmin ərazidə iki dairəvi qovşaq salındı. Artıq Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri həmin qovşaq vasitəsi ilə istər Xocahəsən istiqamətində, istər Sulutəpə, həmçinin Bakı-Şamaxı -Yevlax avtomobil yoluna çıxa bilərlər".
Qurum rəsmisi bildirir ki, I Avropa Oyunları ilə bağlı Atıcılıq Kompleksinə də 1.5 kilometr uzunluğunda yeni yol çəkilir. Torpaq örtüyün salınması başa çatıb. Yaxın günlərdə asfalt beton örtüyünün vurulmasına başlanılacaq. Həmin yola paralel olaraq, yeni yol da salınacaq ki, bununla da Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri birbaşa dairəvi avtomobil yoluna çıxa biləcək.