Suriyalı tələbə: "Bakıda keçirilən Forumdan gözləntimiz çoxdur"
"Biz 3 il əvvəlki vəziyyətimizə, dünyanın sülh, təhlükəsizlik və inkişafa olan ümidlərimizi qaytarmağını istəyirik".
APA TV-nin xəbərinə görə, bu sözləri Bakıda keçirilən Gənclər Siyasəti üzrə Qlobal Forumda iştirak edən suriyalı tələbə, Danimarka Qaçqınlar Komitəsinin əməkdaşı Bəşər Hobbi deyib. Onun sözlərinə görə, artıq humanitar məsələyə çevrilən Suriya böhranı insanların, eləcə də gənclərin həyatına çox pis təsir edir: "Suriyalı gənclərin səsinin bu platformada eşidilməsi üçün buradayam. Biz çox əzab çəkmişik. Forumdan da gözləntilərimiz çoxdur. Biz başqa millətlərin istədiyini istəyirik. Bütün insanlar kimi biz də humanitar problemlərdən uzaq olmaq istəyirik".
BMT baş katibinin gənclər üzrə elçisi Əhməd Əlhəndavi isə son zamanlar Suriya ərazisində baş verənləri və gənclərin İŞİD sıralarına qoşulmasını böyük problem adlandırıb: "Burada ən böyük strategiya ondan ibarət olmalıdır ki, gənclərə sərmayə qoyulsun. Gənclər başqa sahələrdə deyil, məhz inkişafa yönəlmiş sahələrdə özlərini göstərə bilsinlər".
BMT rəsmisi Azərbaycanın gənclər siyasətində infrastruktur baxımından çox irəliyə getdiyini bildirib. Onun sözlərinə görə, forumun Bakıda keçirilməsi Azərbaycanın bu sahədə necə inkişaf etdiyini göstərir.
BMT baş katibinin foruma qatılmamasına aydınlıq gətirən Əhməd Əlhəndavi baş katibin dünyada mövcud olan digər problemlərin, o cümlədən Ebola virusu ilə bağlı problemləri həllinə qarışdığını deyib.