Gürcü nazir: "Gürcüstandakı azərbaycanlıların problemlərini bilirik"

"Azərbaycanlıların kompakt yaşadıqları ərazilərdə onların etnik kimi deyil, fərq qoyulmadan yaşamasını təmin etmək ölkəmizin vəzifəsidir".

 

APA TV-nin məlumatına görə, bunu Bakıda səfərdə olan Gürcüstanın gənclər və idman naziri Levan Kipiani deyib. O,  Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin hökumətə bəlli olduğunu bildirib: "Gənclər üçün iş yerlərinin az olması və təhsil birinci problemdir. Biz bu yöndə aktiv iş aparmaq istəyirik. Məqsədimiz tələbə və məktəblilər arasında elə bir layihə icra etməkdir ki, bu, onların gələcəyinə töhvə verə bilsin. Azərbaycan tərəfi ilə birgə layihələrimiz var".

 

Bakıda səfərdə olan Ukraynanın gənclər və idman naziri Dmitri Bulatov isə deyir ki, Ukrayna gənclər siyasəti sahəsində Azərbaycanla sıx əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq arzusundadır: "Azərbaycan çətin günlərdə Ukraynanın yanında olub. Bu ölkələr arasında daim dostluq olub, onlar bir-birini dəstəkləyib. Azərbaycanın Gənclər Siyasəti üzrə I Qlobal Forumu yüksək səviyyədə təşkil etməsi göz qabağındadır. Ölkənizin bu cür təşəbbüslərini yüksək qiymətləndiririk”.

 

Dmitri Bulatov Azərbaycana səfəri zamanı ölkənin infrastrukturu və gənclər sektoru ilə yaxından maraqlandığını deyib.

 

Müəllif | Apa.Tv