Türkiyədə daha bir mədən qəzası: 18 nəfər yerin altında qalıb

Türkiyədə daha bir kömür mədənində qəza baş verib. Qaraman vilayətinin Ermenek rayonunun Pamuklu kəndində yerləşən şaxtada baş verən qəzada ən az 18 fəhlənin yerin altında qaldığı bildirilir. Hadisəyə səbəb mədən ocağındakı suyun keçidləri basmasıdır. Bu barədə Qaraman valisi Murad Qoca xəbər verib. Xilasetmə işləri davam edir. Türkiyə Daş Kömürü Qurumu da hadisə yerinə 16 nəfərlik xilasedici heyət göndərib.  Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Lütfi Elvan və enerji və təbii qaynaqlar naziri Taner Yıldızın Qaramana yola düşdüyü bildirilir.

CNNTürk-ə danışan şaxta səlahiyyətlisi Şahin Uyar yerin altında qalanların həyatı üçün təhlükə olduğunu bildirib. Hadisə yerli vaxtla 12:15 radələrində baş verdiyini deyən qurum yetkilisi əlavə edib ki, 350 metr dərinliyindəki yerin 50 metri su altında qalıb. Maskalar 2 saat üçün nəzərdə tutulub. Su şaxtanı birdən basıb.

 

Müəllif | Apa.Tv
Apa.tv