Bakıda iki qardaş qanlı hadisə törətdi
Ötən gecə Bakının Xətai rayonu ərazisində iki nəfər bıçaqlanıb. APA TV-nin məlumatına görə, hadisə Süleyman Vəzirov küçəsi, 41 ünvanında qeydə alınıb Şabran rayon sakinləri - 24 yaşlı Təhməz Məcidov və onun dostu, 22 yaşlı Sevdi Cumayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılıblar.
Yaralı dostları yoldan keçən bir nəfər görüb və xəstəxanaya da o, çatdırıb. Təhməz və Sevdini bıçaqlayan şəxslər isə hadisə yerini tərk ediblər. Xətai Rayon Polis İdarəsinin və 37-ci Polis Bölməsinin əməkdaşları məlumat daxil olan kimi dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar.
Çox keçmədən hadisəni törətməkdə şübhəli bilinən iki qardaş saxlanılıb. Bunlar Şabran rayon sakinləri - 22 yaşlı Əfrail Teyyub oğlu Nurəddinov və 21 yaşlı Səxavət Teyyub oğlu Nurəddinovdur. Yaralılar həkimlərə hadisənin necə baş verdiyini danışıblar. Onların sözlərinə görə, qardaşlar Təhməz və Sevdiyə yaxınlaşaraq onlardan siqaret istəyiblər. Zərərçəkənlər siqaretlərinin olmadığını bildirdikdə Əfrail və Səxavət onları təhqie ediblər və aralarında mübahisə yaranıb. Bu zaman Əfaril və Səxavət Nurəddinovlar əllərini bıçağa atıblar.
Amma hüquq-mühafizə orqanlarındakı məlumat fərqlidir. Xətai Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən qardaşlarla zərərçəkənlər həmyerlidirlər, Bakıya işləməyə gəliblər. Onlar kimsəsiz və qaranlıq yerə əvvəldən yaranan mübahisəni həll etmək üçün gediblər, dava düşüb və iki nəfər bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır, hadisənin dəqiq səbəbi və detalları dəqiqləşdirilir.