NASA-nın kosmosa göndərdiyi raket partlayıb

Amerika Milli Kosmik Agentliyinin (NASA) kosmosa göndərdiyi raket havaya qalxdıqdan bir neçə saniyə sonra partlayıb. APA TV-nin məlumatına görə, NASA-nın Virciniya əyalətinin Uollops (Wallops) adasındakı stansiyasından havaya qalxan raket beynəlxalq kosmik stansiyaya ərzaq və texniki vasitələr aparırdı.

 

Pilotsuz idarə olunan “Antares” adlı raketin partlayış səbəbi hələlik bilinmir.

 

Raketə bağlı modulun 4 gün sonra beynəlxalq kosmik stansiyaya çatması və 40 gün sonra stansiyada olan tullantıları götürüb qayıtması planlaşdırılsa da, bu mümkün olmayıb.

 

NASA-nın yükdaşınmaları üçün özəl bir şirkətlə müqavilə bağladığı, partlayan raketin də podratçı firmaya aid olduğu bildirilir.

 

NASA-dan bildirilib ki, raket buraxılanadək heç bir problem aşkarlanmayıb. Hadisənin baş verdiyi yer mühasirəyə alınıb və mütəxəssislər araşdırmalara başlayıblar. Qəza nəticəsində kosmodromun infrastrukturuna ciddi ziyan dəyib.

Müəllif | Apa.Tv
Apa.tv