Türkiyədə mədəndə yerin altında qalan 18 nəfərin aqibəti məlum deyil

Türkiyədə daha bir mədən faciəsi ilə sarsılıb. APA TV-nin məlumatına görə, Karaman bölgəsindəki kömür mədənində qəza baş verib. Yeraltı su qaynağının partlaması nəricəsində mədənin 375 metr dərinlikdəki hissəsini su basıb. Həmin vaxt hadisə yerində olan 26 mədənçidən cəmi 8-i su sızıntısını görən kimi mədəndən çıxıb. Nəticənin ağır ola biləcəyini düşünməyən 18 mədənçi isə işləməkdə davam edib. Suyun hündürlüyü 50 metrə çatıb və fəhlələr su altında qalıblar.

 

Mədən nümayəndələri deyiblər ki, mədəndə qalan fəhlələrin maskaları və oksigen ehtiyatı cəmi iki saaat üçün nəzərdə tutulub. Qəzadan 3 saat keçdikdən sonra mədən rəhbərliyi 18 mədənçinin sağ qalma ehtimalının olmadığını açıq şəkildə bildirib.

 

Hadisədən sonra mədənə çoxlu sayda xilasedici, o cümlədən, 3 helikopter və 51 xüsusi maşın cəlb edilib. Mədəndə böyük nasoslar quraşdırılıb və suyun çəkilməsinə başlanılıb.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan axtarış-xilasetmə işlərini nəzarətə götürüb və bir neçə nazir hadisə yerinə göndərilib.

 

Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bölgə rəsmiləri ilə toplantı keçirib və jurnalistlərə ilk açıqlakamasınbda faciə ilə bağlı məlumat verib:

 

"Hazırda 18 fəhlə qardaşımızın yer altında qaldığı mədəndəyik. Tamamilə özəl müəssisədir. Ümumilikdə 34 fəhlənin növbədə olduğu, icazəli olanları, özləri xilas olanları və xilas edilənləri nəzərə alsaq, 18 fəhlənin mədəndə qaldığını görürük".

 

Taner Yıldız bildirib ki, hər iki saatda mədəndə suyun səviyyəsi bir metr yüksəlir və suyun hardan gəldiyi bəlli deyil.

 

Enerji və təbii ehtiyatlar nazriri bir neçə saat sonra da yenidən jurnalistlərin qarşısına çıxıb və ümidverici heç nə deməyib.

 

Xatırladaq ki, bu ilin mayında Türkiyənin qərbindəki Soma şəhəri yaxınlığında kömür mədənində də qəza baş vermişdi. O vaxt faciənin miqyası daha böyük olmuşdu və qəza nəticəsində 301 fəhlə ölmüşdü.

Müəllif | Apa.Tv
Apa.tv