Bacısının başını kəsən qızın qonşuları danışdı: "Heç kimlə ünsiyyət qurmurdular"

Bu günlərdə Bakıda tələbə qızın bacısını amansızlıqla qətlə yetirməsi hadisəsi olə bağlı söz-söhbətlər səngimək bilmir. Asəf Zeynallı adına Musiqi Kollecinin tələbəsi Pərvanə Nuriyevanın doğma bacısı, Bakı Musiqi Akademiyasının tələbəsi Günel Nuriyevanın başını kəsməsi faktı ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Əslən Şəki rayonundan olan Nuriyeva bacılarının Bakıda yaşadıqları binanın sakinləri onları sakit ailə kimi xarakterizə edirlər. Hadisənin baş verdiyi Xudu Məmmədov küçəsi 18 ünvanında yaşamış bacıların qonşuları APA TV-nin əməkdaşı ilə söhbət zamanı evə gəlib-gedənlərin çox olmadığını deyiblər. Bacılar qonşularla ünsiyyət qurmağa meylli olmayıblar. Sakit həyat tərzi sürüblər. Onların sözlərinə görə, qızların atası Etibar Nuriyev övladları ilə həmişə maraqlanıb.

 

Qonşular həmçinin, binada müşahidə kameralarının olduğunu da diqqətə çatdırıblar.

 

Nuriyevlər ailəsinin Şəkidəki qonşuları da hadisədən şoka düşüblər.

 

Qonşusu Kifayət Səmədova onların nümunəvi ailə olduğunu vurğulayıb: "Etibar müəllim də, Sevil xanım da tərbiyəli insanlardır. Mən bu hadisəyə görə şoka düşmüşəm. Çünki bu ailə haqqında heç vaxt mənfi fikrim olmayıb. Düzdür, uşaqlarla çox qarşılaşmamışam. Onlar maşınla məktəbə gedib-gəliblər. Amma 32 ildir, mən bu məhəllədə qonşuyam, heç bir narazılığım yoxdur". Digər qonşu İlqar Musayev də eyni fikirdədir: " Pis qonşu olmayıb. Münasibətləri də yaxşıdır. İndiyə kimi də yaxşı qonşu kimi tanıyıram".

 

Hadisənin psixoloji tərəfinə gəlincə, psixoloq Elnur Rüstəmov ailədən qaynaqlanan narahatlığın olduğunu istisna etmir: "İki bacı arasında hansısa bir problemdən dolayı narahatlıq yarana bilər. Ola bilər ki öldürülən insan özünün psixoloji problemi olub. Bütün hallarda bu prosesdə psixoloji faktor önəmlidir. Ailənin qapalı olması, üç qızdan ibarət olması, cinayəti törədənin əkiz olması məsələsi araşdırılmalıdır".

 

Psixoloq bildirib ki, sakit görünmək hadisəni törədənin heç vaxt psixoloji tarazlıqdan çıxmadığını göstərmir. Onun fikrincə, təqsirləndirilən şəxsin həmin vaxt başqasına əsəbiləşməsi, bu əsəbin bacısına yönəlməsi də mümkündür.  Ola bilər ki, o, cinayəti qəddarlıqla törətməyi planlaşdırmayıb, işin gedişatında bu hadisə baş verib: "Ola bilər, bunlar diqqətdən kənar qalıblar, o birinə daha çox diqqət yetirilib. Müxtəlif səbəblər göstərmək olar".

 

Elnur Rüstəmov valideynlərə bir daha diqqətli olmağı, fiziki sağlamlığı ilə yanaşı, psixi sağlamlığının da qeydinə qalmalarını tövsiyə edib.

 

Xətai rayon Porokurorluğundan APA TV-yə bildiriblər ki, faktla bağlı araşdırma davam edir. Təqsirləndirilən şəxs və ailə üzvləri istintaqa ifadə veriblər.

 

Qeyd edək ki, oktyabrın 22-də 18 yaşlı Pərvanə Nuriyeva bacısı, 20 Günel Nuriyevanı amansızlıqla qətlə yetirib. Hadisə vaxtı Pərvanə Nuriyevanın əkiz tayı olan bacısı evdə olmayıb.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova