Modelyer Günel Yusifova: “Azərbaycanda zövqlü müğənnilərin sayı azdır”
Azərbaycanda müğənnilərin dəbə uyğun geyinməməsi hər zaman müzakirə mövzusu olub. Modelyer Günel Yusifova hesab edir ki, özəlliklə qadın sənətçilər zövqsüz geyinirlər: “Kişi müğənnilər qadın sənətçilərə nisbətən daha dəblə geyinir. Detallara nəzər yetirsək, sənətçilərin geyimlərində səhvlər çoxdur. Artıq dünyada istifadə olunmayan çox şeylər var ki, bizdə geniş istifadə olunur. Məsələn, ət rəngli parıltılı corablardan. Tanınmış müğənnilərimiz, efirə çıxan xanımlar bu corablardan çox istifadə edir. İnternetdə axtarışa verin, dünyada artıq heç bir müğənni onlardan istifadə etmir. Bəlkə də zövzsüz insanlar istifadə edə bilər, amma heç bir dəb ikonasında bunu görməyəcəksiniz”.
Modelyerin fikrincə, bədənə uyğun olmayan geyimlərdən istifadə müğənnilərin ən böyük səhvidir: “Bədənə uyğun olmayan geyimlər geymək məncə ən böyük səhvlərdən biridir. Çox kök xanım bədənə yapışan geyim geyməməlidir. Çox kilolu xanım çox qısa geyməməlidir. Əlbəttə ki, Azərbaycanda da zövqlü müğənnilər var, amma sayları çox azdır. Hər zaman deyirəm ki, dəb olmadan zövq ola bilməz. Çünki bu iki anlayış bərabərdir. Kim deyirsə ki, xanım özünə uyğun geyinməlidir, dəb lazım deyil, səhv edir. Dəb olmadan zövq ola bilməz. Sadəcə insan o dəbdən özünə yaraşanı seçməlidir”.
Modelyer zövqlü geyimin nə olduğunu belə izah edir: “Zövqlü geyim ilk növbədə bədənə uyğun geyim geyməkdir. Çünki ən gözəl geyim belə bədənə uyğun deyilsə, o artıq nə dəbli olacaq, nə zövqlü. Bizdə məkana uyğun geyimlər yeni formalaşmağa başlayıb. 1-2 il əvvəl bulvarda hündürdaban ayaqqabılarda gəzirdilər. Əslində belə yerlərdə xüsusi idman geyimlərində gəzmək lazımdır. Ancaq çox az xanım var ki, onlar belə geyimdə görmək olar. Hündürdaban ayaqqabı, parıltılı geyim... Sanki bulvar özünü göstərmək yeridir. Məkana uyğun geyinmək bizdə çox az inkişaf olunub. Ancaq get-gedə daha çox inkişaf gedir”.
Günel Yusifova insanlarda modelyer sənəti ilə bağlı yanlış təsəvvürlərin olduğunu deyir: “Modelyer öz zövqünə uyğun kolleksiyalar yaradan bir insandır. Modelyer geyim seçmir. Bunun üçün imicmeykerlər, stilistlər var. Modelyerin işi o deyil. Modelyer sadəcə öz kolleksiyasını yaradır. Kim nə istəyirsə, seçə bilər. Yəni geyimi necə təqdim edirsə, etsin, seçim müğənninin özündən asılıdır. Müğənnilərin isə öz stilistləri olmalıdır”.