Cəlilabadda otağa dolan tüstü bir nəfərin ölümünə səbəb olub

Cəlilabad rayonunda ehtiyatsızlıq səbəbindən ailənin bir üzvü tüstüdən boğularaq ölüb, daha iki üzvü isə zəhərlənərək xəstəxanaya yerləşdirilib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə rayonun Böyük Bəcrəvan kənd sakini İsrail Hüseynovun evində baş verib. Axşam saatlarında otağın isidilməsi üçün istifadə olunan elektrik sobası aşaraq evdəki xalçanı yandırıb. Bu zaman otaqda ciddi yanğın baş verməsə də, iki aylıq körpə, ər və arvadın olduğu otaq qatı tüstüyə bürünüb. Ailənin digər üzvləri isə hadisə barədə yalnız səhər açılandan sonra xəbər tutublar. Tüstü ilə dolmuş otaqdakı şəxslər dərhal bayıra çıxarılıb. Ev sahibinin 22 yaşlı həyat yoldaşı Gülarə Hüseynova tüstü və dəm qazından boğularaq ölüb. İsrail Hüseynov və iki aylıq körpəsi Hüseyn Hüseynov isə ağır vəziyyətdə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstələr ilkin tibbi yardım göstərilib. İsrail Hüseynova vəziyyəti ağır olaraq qalır.


Körpənin vəziyyətinin isə normal olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
 

Müəllif | Apa.Tv