Prezident: “Azərbaycan regionda sabitlik faktoru kimi qəbul edilir”

“Azərbaycanın gözəl gələcəyi var. Gənclərimiz bu gün sərhədlərimizi müdafiə edir, işğalçılardan torpaqlarımızı qoruyur. Ermənistanın işğalçılıq siyasətindən gənc azərbaycanlılar da ziyan çəkib”. Bu sözləri Bakıda keçirilən Gənclər siyasəti üzrə I Qlobal Forumda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır və Azərbaycan xalqı əsrlərlə bu torpaqda yaşayıb: “Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, 1 milyon insan qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub. Xocalıda soyqırımı törədilib, 600 nəfər uşaq, qadın və yaşlı insan qətlə yetirilib”.

BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad olunması barədə 4 qətnamə qəbul etdiyini xatırladan prezident qeyd edib ki, bəzən Təhlükəsizlik Şurasının qətnamələri 1 gün ərzində yerinə yetirilir, bəzən isə kağız üzərində qalır. O, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin zəruri olduğunu söyləyib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda gənclər siyasəti ilə bağlı iki dövlət proqramı həyata keçirilib, Gənclər Fondu yaradılıb. Dövlət başçısının sözlərinə görə, neft, qaz yox, təhsil, insan kapitalı cəmiyyətin, dövlətin inkişafında əsas rol oynayır. Azərbaycan hökuməti uzun illərdir, gənclərimizin xaricdə nüfuzlu ali məktəblərdə təhsil alması istiqamətində proqram həyata keçirir. Azərbaycan universitetlərinin dünyanın nüfuzlu universitetləri ilə əlaqə yaratmasına çalışılır.

Dövlət başçısı Azərbaycanda idmanın inkişafına da xüsusi diqqət ayrıldığını vurğulayıb.

Olimpiya idman növlərində qazanılan uğurlardan söz açan prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda yeni idman obyektləri tikilir, gənclər arasında idmanın inkişafı stimullaşdırılır. Dövlət başçısı gələn il Azərbaycanda ilk Avropa Olimpiya Oyunları keçiriləcəyini tarixi hadisə adlandırıb: "Gələn il Avropa Olimpiya Oyunları ilə bağlı Azərbaycana 6 min idmançı gələcək. Növbəti ilə şahmat üzrə çempionat keçiriləcək. 2017-ci ildə Azərbaycanda İslam Həmrəylik Oyunları keçiriləcək. Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir. Azərbaycan xalqların, sivilizasiyaların dialoquna xüsusi diqqət yetirir. Azərbaycanda çoxsaylı xalqlar tolerant şəraitdə yaşayır. Azərbaycanda sivilizasiyalararası dialoqlar keçirilib. Azərbaycan bu sahədə uğurlar əldə edib”.

Dünyanın Azərbaycanı regionda sabitlik faktoru kimi qəbul etdiyini söyləyən dövlət başçısının sözlərinə görə, Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə bir çox layihələr həyata keçirilir.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda islahatların həyata keçirilməsi davam etdirilir. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı dünyanın ən sürətli inkişaf edən iqtisadiyyatları sırasındadır. Ölkədə işsizliyin səviyyəsinin minimuma endirilməsinə nail olunub.

Müəllif | Apa.Tv
Apa.tv