Xətaidə qətl törədən şəxs: “Başladı qışqırmağa, əsəbiləşib bıçaqla vurdum”

Xətai rayon Polis İdarəsinin əməkdaşları qətl hadisəsinin üstünü açıblar. APA TV-nin məlumatına görə, dünən axşam radələrində ərazidəki çörəkbişirmə sexlərindən birinin qarşısında vətəndaş Elşad Kərimovun qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Dərhal hadisə yerinə gələn polis və prokurorluq orqanlarının əməkdaşları ilkin istintaq əməliyyat tədbirlərinə başlayıblar. Cinayəti törətməkdə şübhəli bilinən Goranboy rayonunda anadan olmuş 21 yaşlı Orxan Abdullayev elə həmin gün isti izlərlə tutularaq məsuliyyətə cəlb edilib.

 

“Yaxınlaşdı mənə dedi ki, nə deyirsən? Mən də dedim çıx bayırda söhbət edək. Başladı qışqırmağa, mən də əsəbiləşdim”.
 

Orxan Abdullayev ilkin ifadəsində bildirib ki, cinayəti aralarında olan mübahisə zəminində törədib. Belə ki, o, başqa bir iş yoldaşı ilə mübahisə edərkən Elşad Kərimov məsələyə aydınlıq gətirmək istəyib. Onlar bir neçə nəfərlə işlədikləri obyektin qarşısına toplaşıblar. Bu zaman Orxan Abdullayev üstündə gəzdirdiyi bıçaqla Elşad Kərimova qarın nahiyəsindən 1 zərbə endirib. Yaralı müqavimət göstərdikdə isə Orxan Abdullayev ona bədəninin müxtəlif yerindən əlavə 3 bıçaq zərbəsi vurub. Orxan Abdullayev həmçinin onları aralaşdırmaq istəyən iş yoldaşları Anar Süleymanov və Ömər Cəbrayılzadəyə də bıçaqla yüngül xəsarətlər yetirib.

 

Müəllif | Apa.Tv