FHN Muğan Regional Mərkəzi seminar-müşavirə keçirib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzinin Dövlət Yanğına Nəzarət Xidməti Şirvan diaqnostika mərkəzində seminar-müşavirə keçirib. APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, seminar-müşavirə Şirvan şəhər və Hacıqabul rayon İcra Hakimiyyəti ilə birlikdə "Payız qış mövsümündə yaşayış məntəqələrinin yanğın təhlükəsizliyinin təmin olunmasında yerli icra hakimiyyəti orqanları və qurumların qarşısında duran vəzifələr" mövzusunda olub. Seminarın işində FHN-in regionda fəaliyyət göstərən yerli qurumlarının, Şirvan və Hacıqabul İcra Hakimiyyətinin, rayonun müvafiq idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.
FHN Dövlət Yanğına Nəzarət Xidmətinin (DYNX) əməkdaşı Nizami Fərəcov Muğan Regional Mərkəzinin rəisi Orxan Məmmədyarov və rəis müavini Vüqar Dadaşov çıxış edərək cari ilin 9 ayı ərzində baş verən yanğınların statistikası və onların baş vermə səbəbləri barədə məlumat verib.
Müşavirə zamanı rayon ərazisindəki bir çox yerdə yanğın hadisələri zamanı yanğınsöndürən və təcili tibbi yardım maşınlarının əraziyə daxil olmasına əngəl yaradan dəmir dirəklərin və şlaqbaumların artıq söküldüyü, binalararası beton maneələrin yığışdırıldığı qeyd olunub, hələ də mövcud olan problemlər və onların həlli istiqamətində görüləcək işlər barədə məlumat verilib.
Müşavirənin gedişində yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı plakat və yaddaş vərəqələri seminar iştirakçılarına paylanılıb. Sonda müşavirə iştirakçılarına yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı videoçarx nümayiş olunub.