Bakıda Türkiyənin Cümhuriyyət Bayramı qeyd edilib
Bakıda Türkiyə Cümhuriyyətinin yaranmasının 91-ci ildönümü münasibəti ilə rəsmi ziyafət təşkil olunub. APA TV-nin məlumatına görə, Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Səfir İsmayıl Alper Coşqun çıxışı zamanı cümhuriyyətin 91 il əvvəlki tarixinə və Türkiyə xalqının Mustafa Kamal Atatürkün rəhbərliyi altında apardığı mübarizəyə toxunub.
Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərindən söz açan səfir vurğulayıb ki, ikitərəfli əlaqələrin inkişafında dövlət və hökumət başçılarının, onların təşəbbüsü ilə gerçəkləşən birgə layihə və sazişlərin müstəsna rolu var.
Azərbaycan prezidenti İlham Əliyevin adından əlamətdar gün münasibətilə mərasim iştirakçılarını, bütün Türkiyə xalqını təbrik edən baş nazirin müavini Abid Şərifov qardaş ölkəyə firavanlıq və uğurlar arzulayıb. Baş nazirin müavini qeyd edib ki, iki ölkə arasında elm, təhsil, iqtisadiyyat, mədəniyyət və hərbi sahələrdə sıx əməkdaşlıq var.
Qeyd edək ki, bayram tədbirində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, türkiyəli iş adamları, müxtəlif partiya və QHT-lərin rəhbərləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.