Bakıda pulla dolu seyfi oğurlayan quldur dəstəsi tutulub

Bakıda mebel mağazasına girib gözətçinin əlini və ağzını bağlayaraq küllü miqdarda pulu qarət edən dəstə yaxalanıb. Bakı şəhər Baş Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Yevlax rayon sakinləri Rəhman Məmmədov, Muxtar Rəhimov və Cəbrayıl rayon sakini Samir Yadigarov tutulublar.

 

Müəyyən edilib ki, onlar bu il aprelin 30-da Ziya Bünyadov prospektində mebel mağazasına aldatma yolu ilə daxil olub, gözətçinin əlini və ağzını bağlayıb. Daha sonra mağazanın müdirinin iş otağının qapısını sındıraraq, oradan içərisində 20000 manat olan seyfi və kompüteri götürüblər. İzi itirmək məqsədi ilə salondakı nəzarət kamera sisteminin yaddaş kartını götürərərək  “Mercedes” markalı avtomobillə hadisə yerindən uzaqlaşıblar.

 

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində istintaq aparılır.

 

Müəllif | Apa.Tv