Azərbaycan-Türkiyə biznes forumu keçirilib
"1995-ci ildən 2013-cü ilə qədər Türkiyədən Azərbaycana 1,9 milyard ABŞ dolları həcmində investisiya qoyulub. 2013-cü ilə qədər Azərbaycan Türkiyəyə 5 milyard dollar həcmində investisiya yatırılıb. Bu gün qardaş ölkədə 1500-dək şirkət Türkiyədə fəaliyyət göstərir".
Bunu Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes forumunda Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov bildirib. APA TV-nin məlumatına görə, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun isə türk şirkətlərini Azərbaycanda daha da sıx işləmələrini və ixrac potensiallarını artırılmalı olduqlarını bildirib: "Türkiyə-Azərbaycan siyasi əlaqələri mükəmməl inkişaf mərhələsindədir. Hər il dövlətlərarası əlaqələrin genişləndirilməsi ilə bağlı keçirilən toplantılarında əsas məqsədi iqtisadi əlaqələrin genişləndirilməsi və qarşılıqlı yatırımların sayının artırılmasıdır. Hazırda Türkiyə-Azərbaycan ticarət dövriyyəsi 4-5 milyard təşkil edir. Gələcək illərdə bu rəqəmin 15-20 milyard dollara çatdırılması nəzərdə tutulur".
Səfir bildirib ki, regionun inkişafında Azərbaycanın rolu çox böyükdür. Türkiyə Elektrik Texnologiyaları İdarə Heyətinin sədri Fatih Kamal Ebiçlioğlu iki ölkənin iş adamları arasında mövcud əlaqələrə diqqət çəkib: "Məqsədimiz qarşılıqlı ixracat potensialını artırmaqdan ibarətdir. Üçüncü ölkələrə ixrac potensialını çıxarmaq haqqında birgə qərar vermək üçün toplaşmışıq, iki gün davam edəcək biznes forumda da bununla bağlı türk iş adamları ilə Azərbaycanlı iş adamlarının ikitərəfli görüşləri də nəzərdə tutulur. Hazırda 20 fərqli firmada 26 türk iş adamı Bakıdadır. Elektrik, elektronik xidmət sektorundan qatılan iş adamlarının sayı daha çoxdur. Bu gün burda təmsil olunan nümayəndələr Türkiyənin ən böyük ixracatçı qrupu sayılır. Bu sahədə ixrac 13 milyard dollar təşkil edir. 2023-cü ildə isə 500 milyard ixracat hədəfimiz var".
Bakıda Türkiyə nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə “Qarşılıqlı İxracatın təşkili və üçüncü bazarlara birgə ixracat imkanları” adlı Azərbaycan-Türkiyə biznes forumu keçirilib. Tədbirdə Azərbaycan və Türkiyə tərəfdən müvafiq dövlət qurumlarının nümayəndələri ilə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 125 nəfərdən çox sahibkar iştirak edib.