Heydər Əliyev Fondu Sankt-Peterburqda xeyriyyə aksiyası keçirib

Heydər Əliyev Fondu Rusiyanın Sankt-Peterburq şəhərində kimsəsiz və valideyn himayəsindən məhrum uşaqlar üçün uşaq evində xeyriyyə aksiyası keçirib. APA TV-nin Rusiya bürosunun məlumatına görə, 13 saylı uşaq evində keçirilən xeyriyyə aksiyasında Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

 

Uşaq evinin baş həkimi Natalya Nikiforova ixtisaslaşdırılmış psixonevroloji uşaq müəssisəsində 60-dan çox uşaın tərbiyə aldığını bildirib. Onların arasında uşaq serebral iflici, fiziki və zehni inkişafdan geri qalan körpələr, eləcə də müxtəlif səbəblərdən valideyn himayəsindən məhrum olan tamamilə sağlam uşaqlar var. Uşaqlar bu müəssisədə 4 il xüsusi müalicə aldıqdan sonra övladlığa verilir, yaxud internat məktəblərə keçirilirlər.

 

Leyla Əliyeva müəssisədə yaradılan şəraitlə tanış olub. Heydər Əliyev Fondunun adından uşaq evinə oyuncaqlar hədiyyə olunub. Uşaq evinin kollektivi Heydər Əliyev Fonduna və Leyla Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Daha sonra Leyla Əliyeva Sankt-Peterburqdakı kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 31 saylı mərkəzdə, görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan uşaqlar üçün K.Qrot adına 1 saylı internat məktəbində və uşaq evinə baş çəkib. 1 saylı internat məktəbinin direktoru Aleksey Muxin Heydər Əliyev Fondunun vitse-prezidentinə internat məktəbində təhsil standartları barədə məlumat verib. Hazırda 300 uşağın təhsil aldığı məktəb Federal Dövlət Təhsil Standartları əsasında işləyir. 

 

İnternat məktəbinə Heydər Əliyev Fondu adından  hədiyyələr təqdim edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv