Əbülfəs Qarayev: "Azərbaycana qonşu ölkələrdən gələn turistlərin sayı azalıb"

"Bu il Azərbaycana gələn turistlərin sayında azalma yoxdur, amma artım tempi səngiyib".

 

APA TV-nin xəbərinə görə, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu, Azərbaycanın turizm potensialının dəyişməsi və ya azalması demək deyil:  

 

"Bu proseslər daha çox qonşu ölkələrə təsadüf edir. Bizə daha çox qonşu ölkələrdən gələnlərin sayında azalması müşahidə olunur. Xüsusilə Rusiya və İrandan.  Bu isə onların daxili prosesləri ilə bağlı məsələdir. Yarım illik artım faizi cəmi 1 faiz təşkil edib, indi 2,5 faizə kimi çıxmışıq. Düşünürəm ki, ilin sonuna kimi bu rəqəm 3-4 faiz olacaq".

 

Əbülfəs Qarayev Azərbaycanın turizm potensialının artırılması üçün ölkənin regional turizm layihələrinə qoşulmaqda maraqlı olduğunu deyib. Hazırda isə Qafqaz dağlarında yerləşən tarixi abidələrin və qalaların marşrutları üzrə layihə Türkiyə, Gürcüstan və Rusiya ilə birlikdə işlənir:

 

"Artıq bu layihə hazırdır və onun tətbiqinə başlayacağıq. Biz artıq Avropa Şurasının "Şərab yolları" və "Aleksandr Düma yolları" layihələrin iştirakçısıyıq. Bildiyiniz kimi Gəncədə hər il şərab festivalı keçirilir. Hesab edirik ki, Azərbaycan təcili olaraq Avropanın qədim dövrlərdən, paleolit dövründən qalmış rəsmləri əhatə edən proqramlara daxil olsun. Qobustan artıq bu prosesin içindədir və nümayiş olunmağa dəyər".

 

Nazir gələn il keçiriləcək Avropa Olimpiya Oyunlarına kimi xidmət səviyyəsi zəif olan və lisenziyasız bütün obyektlərin bağlanacağını deyib. Onun sözlərinə görə, Hazırda Bakıda və Abşeronda müvafiq orqanların da cəlb olunması ilə monitorinq gedir.

 

"Ölçülər götürülür. Kim bu məsələni anlayır, öz xidmət səviyyəsini artırır. Kim anlamır, onda biz inzibati yolla bunun həllini tapacağıq".

 

Əbülfəs Qarayev "Turizm haqqında" qanunun ilkin variantının hazır olduğunu deyib. Hazırda layihə rəy və müzakirə üçün müvafiq dövlət orqanlarına göndərilib.

 

Müəllif | Apa.Tv