Nazir: "Qarabağın hansısa mədəni marşruta daxil olması mümkün deyil"
"Dağlıq Qarabağın bu gün hər hansı mədəni marşruta daxil olmasından söhbət gedə bilməz".
APA TV-nin xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib. Nazir bu gün Bakıda keçirilən Avropa Şurasının mədəni marşrutları: mədəniyyətlərarası dialoq və sosial sabitlik naminə mədəni turizm” adlı tədbirdə buna uyğun sessiyanın da keçiriləcəyini xatırladıb: "Biz hesab edirik ki, harada münaqişə var, orada turistlərin təhlükəsizliyi, əmin-amanlığı təmin edilə bilməz. Ona görə biz məsələni belə qoyuruq ki, heç bir ölkə müvafiq beynəlxalq qanunlar çərçivəsində öz təbliğat mexanizminə münaqişəli zonaların daxil olmasına imkan verməsin. Düşünürük ki, bununla qonşularımıza və digər regionlara ciddi xəbərdarlıq edirik ki, əgər Azərbaycan hökuməti Qarabağda turizm təhlükəsizliyini təmin edə bilmirsə, deməli heç bir ölkə oraya hansısa qonağın gətirilməsindən danışa bilməz.
Nazir Avropanın böyük ölkələrindən kənarda ilk dəfə Bakıda bu mövzuda tədbirin keçirildiyini deyib.
Azərbaycanın Avropa Şurası Nazirlər Kabinetinə sədrliyi çərçivəsində keçirilən tədbirdə Avropa Şurasının demokratiya üzrə baş direktoru Snejana Samardziç-Markoviç və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.