Saatlıda yanğın təhlükəsizliyinin təmin olunmasına dair seminar keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzinin Dövlət Yanğına Nəzarət Xidməti Saatlıda seminar-müşavirə keçirib APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, "Payız qış mövsümündə yaşayış məntəqələrinin yanğın təhlükəsizliyinin təmin olunmasında yerli icra hakimiyyəti orqanları və qurumların qarşısında duran vəzifələr"   mövzusunda keçirilən seminar-müşavirədə FHN-in regionda fəaliyyət göstərən yerli qurumlarının, Saatlı, Sabirabad və İmişli İcra Hakimiyyətinin, rayonun müvafiq idarə və müəssisələrin nümayəndələri iştirak ediblər. Müşavirəni giriş sözü ilə açan Saatlı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rahib Salahov baş verən yanğın faciələrinin və dəm qazı zəhərlənmələrinin qarşısının alınması üçün əhalinin maariflənməsinə böyük ehtiyac olduğunu vurğulayıb. FHN Dövlət Yanğına Nəzarət Xidmətinin (DYNX) əməkdaşı Nizami Fərəcov, Muğan Regional Dövlət Yanğına Nəzarət Xidmətinin rəisi Orxan Məmmədyarov və rəis müavini Vüqar Dadaşov çıxış edərək cari ilin 9 ayı ərzində baş verən yanğınların statistikası və onların baş vermə səbəbləri barədə məlumat verib.

Sonda yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı videoçarx nümayiş olunub.    

Müəllif | Apa.Tv
Apa.tv