Bakıda zəncirvari qəza: 3 gənc ağır yaralandı

Ötən gecə Bakının Sabunçu rayonu ərazisində 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, qəza Zabrat qəsəbəsində qeydə alınıb. Balaxanı qəsbəsinə dönmək istəyən "VAZ-2107" markalı maşın qarşıda dayanan başqa bir "VAZ-2107"yə arxadan çırpılıb. Bundan sonra qarşı yola çıxan "VAZ-2107" qarşıdan gələn "Hyundai" ilə toqquşub. Qəza nəticəsində "Hyundai"nin sürücüsü, 22 yaşlı Mollazadə Səddam Məhəmməd oğlu, eləcə də, "VAZ-2107"nin sürücüsü, 31 yaşlı Mikayılov Namiq Əlirəhmət oğlu və sərnişin, 32 yaşlı Hüseynov Natiq Əlihüseyn oğlu xəsarət alıblar. Hər üç yaralı ağır vəziyyətdə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb.

 

Hadisə ilə əlaqədar Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Qəzanın səbəbinə araşdırmalardan sonra aydınlıq gətiriləcək.

 

Müəllif | Apa.Tv