Biləcəridə sərnişin avtobusu yük maşınına çırpıldı, 5 nəfər yaralandı
Bakıda sərnişin avtobusu qəzaya uğrayıb, 5 nəfər xəsarət alıb. APA TV-nin məlumatına görə, hadisə Biləcəri qəsəbəsində baş verib. 92 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu yol kənarında dayanmış "MAZ" markalı qoşqulu yük maşınına çırpılıb. Hadisə nəticəsində avtobusun sürücüsü, 37 yaşlı Hüseynov Eyvaz Bayram oğlu və avtobusda olan sərnişinlər - 21 yaşlı İsmayılov Hüseyn Mübariz oğlu, 21 yaşlı Məmmədova Zərifə Bəhlul qızı, 27 yaşlı Zeynalova Günay Bilal qızı və 52 yaşlı Əmrahova Zemfira Mədət qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bakının müxtəlif xəstəxanalarına aparılıblar.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər. Zərbənin gücündən deformasiyaya uğrayan avtobusda sıxılıb qalan sürücü xilasedicilər tərəfindən çıxarılıb və təcili yardım briqadasına təhvil verilib. Binəqədi Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır.