Türkiyədə Ərdoğanın sədrliyi ilə keçirilən 10 saatlıq iclasda ciddi qərarlar qədul edilib

Türkiyə Milli Təhlükəsizlik Şurası ilk dəfə prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplanıb. Elə ilk iclasdaca rekorda imza atılıb. Çankaya prezident iqamətgahında günorta başlayan toplantı 10 saat 20 dəqiqə davam edib. Beləliklə, son iclas Milli Təhlükəsizlik Şurasının 1997-ci ilin 28 fevralında keçirilən və 9 saat davam edən toplantısını da geridə qoyub və ən uzunmüddətli iclas kimi Türkiyə tarixinə düşüb.

 

Əhməd Davudoğlunun baş nazir qismində ilk dəfə qatıldığı toplantıda üç nazir də birinci dəfə iştirak edib.

 

APA TV-nin xəbərinə görə, gecə bitən iclasdan sonra yazılı açıqlama yayılıb. Açıqlamada "paralel quruluş" ifadəsindən ilk dəfə istifadə edilib. Toplantıda dövlətin daxili və xarici siyasətini təhlükə altında qoyan “paralel hökumət”lə bağlı danışıqlar aparılıb və ölkədə sabitliyin qorunması üçün mübarizənin davam etdiriləcəyi vurğulanıb.

 

Milli Təhlükəsizlik Şurası son vaxtlar Türkiyənin müxtəlif bölgələrində baş verən kütləvi iğtişaşlara da diqqət ayrılıb. Bildirilib ki, "çözüm sürəci" adlandırılan prosesə və sabitliyə qarşı yönəlmiş təxribat xarakterli hərəkətlərə qarşı qətiyyətli addımlar atılacaq.

 

Bundan başqa, iclasda Yaxın Şərqi qana bulayan İŞİD terrorçuları ilə mübarizədə atılacaq addımlar və ümumilikdə regionda gedən siyasi proseslər nəzərdən keçirilib.

Müəllif | Apa.Tv
Apa.tv