Mədən faciəsi: fəhlələrin sağ tapılacağına ümidlər tükənir
Türkiyənin Karaman bölgəsinin Ermenek qəsəbəsindəki kömür mədənini su basması nəticəsində yerin altında qalan 18 fəhlənin xilas edilməsi əməliyyatı hələ də nəticə verməyib. 3 gündür, su basan mədəndə qalan fəhlələrin tapılması istiqamətində axtarış-xilasetmə işləri fasiləsiz davam etdirilir. Prosesə 600-dən çox xilasedici, o cümlədən, 2 təyyarə, 3 helikopter, onlarla xüsusi maşın cəlb edilib.
Mədəndəki su nasoslarla çəkilsə də, baş verən çökmələr axtarış işlərinə mane olur.
Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız vaxt keçdikcə vəziyyətin yerin altındakı fəhlələrin ziyanına dəyişdiyini bəyan edib. Onun sözlərinə görə, 18 fəhlənin mədəndən sağ çıxarılacağına ümidlər azalıb.
Nazir faciə baş verən mədənin lisenziyasının ləğv ediləcəyini deyib. Taner Yıldız mədəni işlədən şirkətin hadisəni "təbii fəlakət" adlandırmasına sərt reaksiya verib və bildirib ki, heç bir təbii fəlakət baş verməyib və söhbət yalnız nöqsanlardan gedə bilər.
Türkiyənin ailə və sosial siyasət naziri Ayşənur İslam bildirib ki, yerin altında qalan 18 fəhlədən yalnız 2-si subaydır, qalanlarının ailəsi və övladları var. O, fəhlələrin ailələrinə maddi yardım ediləcəyini də açıqlayıb.