Səlim Müslümov İsmayıllıda qəbul keçirib
"Bu ilin əvvəlinədək növbədə olan əlil və şəhid ailələri 2014-2018-cü illərdə mənzillə tam təmin ediləcəklər".
APA TV-nin yerli bürosunun xəbərinə görə bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov oktyabrın 31-də İsmayıllı rayonunda vətəndaşları qəbul etdikdən sonra jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu məqsədlə ehtiyat fondundan 20 milyon manat pul ayrılıb: "Ayrı-ayrı evlərin tikintisi prosesinə start vermək üçün hazırladığımız qrafiki, sayları təqdim etmişik. Belə düşünürəm ki, üzümüzə gələn həftə biz bu prosesi yekunlaşdıracağıq və tikintiyə start verəcəyik".
Nazir deyib ki, bu ilin əvvəlinədək növbədə olan bütün əlilliyi olan şəxslər, yəni 1453 nəfər avtomobillə təmin edilib. Hazırda da əlilliyi olan şəxslər onlara müvafiq Tibbi-Sosial Ekspert Komissiyasından xüsusi nəqliyyat vasitəsinə tibbi göstəriş verildiyi təqdirdə avtomobillə təmin olunmaq üçün heç bir problem olmadan növbəyə yazıla bilərlər.
Qəbul zamanı İsmayıllı, Göyçay, Şamaxı, Ağsu, Qobustan rayonlarından olan ümumilikdə 50-yə yaxın vətəndaşın müraciəti dinlənilib. Müraciətlərdə əlil və şəhid ailələrinin mənzillə təminatı, habelə minik avtomobili ilə təmin olunmaq üçün növbəyə yazılma, əlilliyi olan şəxslərin məşğulluğunun təminatı, eləcə də onların peşə reabilitasiyası, sosial-məişət problemlərinin həllinə köməklik göstərilməsi, əlilliyin müəyyən olunması və digər məsələlər əksini tapıb. S.Müslümov vətəndaşların toxunduqları məsələlərin nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq aidiyyatı üzrə tədbirlər görülməsi, həmçinin müraciətlərinə əsasən bir qisim vətəndaşların əlillik müayinəsinə cəlb edilməsi barədə tapşırıq verib.
Qəbul zamanı müxtəlif reabilitasiya avadanlıqları ilə təminat, eləcə də sosial müdafiəyə xüsusi ehtiyac duyan kateqoriyalara aid ayrı-ayrı şəxslərin müraciətləri əsasında onların məşğulluqlarının təminatı məsələləri elə yerindəcə həll olunub.
Göyçay, Şamaxı, Ağsu, Qobustan rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla İsmayıllı rayonuna aparılıb gətirilmələri təmin edilib.