Azərbaycanda evlilik yaşı "qocalır"
"Azərbaycanda 30-35 yaşdan sonra evlənmələrin sayı artıb. Ancaq evlilik üçün yaşın artması yalnız Azərbaycanda müşahidə edilən tendensiya deyil. Bu tendensiya bütün dünyada müşahidə edilir".
Bunu APA TV-yə müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib: "2011-ci ildə 88 mindən çox nikah qeydə alınıb. Həmin il 30-35 yaşlarında ailə quranların sayı çox olub. İstər qadınların, istərsə də kişilərin ailə qurarkən yaşları 30-u ötüb. 2012-ci ildə nikahların sayında azalma müşahidə olunub. Bu rəqəm 79 min 65 nəfər təşkil edib. Onda yaş həddi 2011-ci illə müqayisədə aşağı olub. 2013-cü ildə ümumi nikahların sayı 86, 852-ə çatıb. Bu səbəbdən 35 və yaxud 35 yaşdan yuxarı yaşda nikaha daxil olan qadın və kişilərin sayı da bir qədər çoxalıb".
Aynur Veysəlova bildirib ki, ailənin hansı yaşda, necə, hansı sosial-iqtisadi əsaslar üzərində qurulması ilə bağlı yanaşmalar həmişə dəyişir. Komitə rəsmisi hesab edir ki, bu amillərdən biri sosial-psixoloji məqamlarla bağlıdır. Yəni gənclər özlərini evliliyə hazır bilmirlər, iş sahəsində karyera qurduqdan sonra ailə qurmaq istəyirlər: “Digər tərəfdən, özlərinə daha rahat həyat şəraiti təmin etdikdən sonra ailə qurmaq istəyənlərin sayı artır. Bu da 30-35 yaşdan sonra evlənmək istəyənlərin sayının artmasına təsir edir. Ancaq bu, bir az fərdi xarakter daşıyır. Bu gün insanların digər ölkələrin nümunələrini əsas götürməsi onların dünyagörüşünün dəyişməsinə təsir edir. İnsanlar fikirləşirlər ki, özlərini tam kamil hesab etdikdən sonra ailə qursunlar”.
Aynur Veysəlova deyib ki, Azərbaycanda 30-35 yaşdan sonra evlilik hallarının artmasının qarşısını almaq üçün hər hansı qadağa tətbiq etmək olmaz. Bunun üçün yalnız maarifləndirmə işləri aparmaq, məsləhətlər vermək olar ki, komitə də hazırda yerlərdə bu yönümlü işlər aparır.