Bakıda şirkətdən 1 milyon manat oğurlayan gəncin məhkəməsi başladı
Bakı Ağır Cinayətlər Məhkəməsində şirkətdən bir milyon manatdan çox pul oğurlamaqda təqsirləndirilən Ramil İmaməliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə Ramil İmaməliyev təqsirləndirilən şəxs qismində ifadə verib, oğurluq əməlini etiraf edib.
Abşeron rayon Qobu qəsəbə sakini, 28 yaşlı Ramil İmaməliyev əvvəllər çalışdığı “Karat MMC”-də işdən çıxdıqdan sonra şirkətin ofisindəki seyfdən 1 milyon manat pulu oğurlayıb.
Bu barədə qardaşı Ramiz İmaməliyev və anası Ceyran İmaməliyevaya məlumat verəndən sonra onlar pulun əsas hissəsini evin müxtəlif yerlərində gizlədiblər. Ramil İmaməliyev isə pulun bir hissəsin götürərək “İnfiniti” markalı avtomobil alıb. O, saxlanılarkən maşının yük yerindən 5 min manat, Qobu qəsəbəsindəki evdən isə 31 min 338 manat pul aşkarlanıb.
Ramil İmaməliyevdən pulun 400 min manatını zorla alan 4 nəfər - Aqil Şəmiyev, Zamiq Xasıyev, Röyal Qədirov və Ruslan Əliyev də saxlanılıb. Ceyran İmaməliyeva pulun 200 min manatını qəbiristanlıqda gizlədib. Həmin pul da tapılaraq istintaq verilib.
Aqil Şəmiyev, Zamiq Xasıyev, Röyal Qədirov və Ruslan Əliyevin barəsində cinayət işi ayrıca icraatda aparılıb.