Məktəblilərə fövqəladə hallarda necə davranmaları öyrədilir
Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi Nizami rayonunda yerləşən 61 saylı orta məktəbdə “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirici tədbir keçirib. APA TV-nin məlumatına görə, nəzəri və praktik olmaqla iki hissədən ibarət olan tədbirdə FHN-nin Bakı Regional Mərkəzinin Xüsusi Riskli Xilasetmə, Dövlət Yanğın Nəzarəti, Dövlət Yanğından Mühafizə, Dövlət Sularda Xilasetmə, Mülki Müdafiə qoşunlarının əməkdaşları iştirak ediblər. Tədbirdə mərkəzin əməkdaşları və məktəbin şagirdləri fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, məişətdə qaz cihazlarından istifadə, terror zamanı təhlükəsizliyin təmin edilməsi ilə bağlı məlumatlar veriblər. Daha sonra zəlzələ mövzusunda şagirdlərin hazırladıqları səhnəcik nümayiş etdirilib. Bu zaman şərti xəbərdarlıq siqnalı ilə məktəbdə “Zəlzələ həyəcanı” elan olunub. Bu səhnəcikdə düzgün mövqe tutma, şagirdlərin təxliyyəsi və ilkin tibbi yardımın göstərilməsi öz əksini tapıb. Məktəbin direktoru Zemfira Şıxəliyeva və şagirdlər də tədbirin əhəmiyyətli olduğunu bildiriblər.
"Bu gün məktəbimizin həm şagird, həm də müəllim kollektivi arasında böyük maarifləndirmə işləri aparıldı. FHN əməkdaşları nəzəri və praktik olmaqla geniş məlumat verdilər".
"Evdə zərərçəkən varsa, qazdan boğulubsa, ona spirt qoxulatmaq, huşunu itirməyibsə isti çay vermək lazımdır və yaxud zəlzələ baş verərkən künclərdə, üstü bağlı olan yerlərdə gizlənmək lazımdır".
Tədbirin praktik hissəsində isə FHN-nin qurumlarının fövqəladə hadisələr zamanı istifadə olunan xüsusi xilasetmə alət və avadanlıq nümayiş olunub. Tədbir məktəbin həyətində şərti yanğının söndürülməsi ilə başa çatıb.